Emin Nurili “Kalmar” elitada qaldı
- 11 Noy 2019 11:20
- 808
Futbol üzrə İsveç çempionatında mövsümü 16 iştirakçı arasında 14-cü pillədə başa vuran “Kalmar”, 2-ci liqada 3-cü yeri tutan “Braqe” ilə pley-off oyunlarında qüvvəsini sınayıb.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi elita təmsilçisi bu rəqibi ilə səfərdə baş tutan ilk oyundan 2:0 qalib ayrılıb. Cavab görüşündə isə 2:2 hesablı heç-heçə qeydə alınıb. Beləcə, “Kalmar” elitadakı yerini qoruduğu halda, “Braqe” də 2-ci liqada qalıb.
Emin də bu görüşlərin iştirakçısı olub. Cavab qarşılaşmasında start heyətdə meydana çıxan Nuri, sonadək mübarizə aparıb.
Qeyd edək ki, İsveç çempionatında Mövsümün yekunlarına görə “Sundsvall” və “Eskilstuna” klubları elitanı birbaşa tərk edib. 30 oyuna 66 xal toplayan “Yurqarden” İsveç çempionu olub. 2005-ci ildən bəri ilk dəfə çempion olan bu komanda 65 xala malik “Malmö” və “Hammarbü”nü qabaqlayıb. Sözügedən kollektivlər müvafiq olaraq gümüş və bürünc medallara sahib çıxıblar.