Rekord.az “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin müsahibəsini təqdim edir:

 

 

- “Qarabağ” Kiprdə gözlənilmədən APOEL-ə məğlub oldu. Sizcə, komandanın qalib gəlməsinə hansı amillər təsir etdi?

- Vallah mən bu barədə heç nə deyə bilmərəm. Müəyyən səbəblər əlbəttə ki, var. Bu barədə Qurban bəy lazımı açıqlamaları verib. Amma düşünürəm ki, “Qarabağ”ın qrupdan çıxma şansları var, şanslarımız qalır. Bu şanslardan da, İnşallah axıra kimi istifadə etməyə çalışacağıq.

- Ümumiyyətlə oyundan öncə komanda da ab-hava necə idi?

- Hər şey əla idi. Komanda qalibiyyətə inanırdı.

- Bəs, siz məğlubiyyəti gözləyirdinizmi?

- Heç kim məğlubiyyəti gözləmirdim. Biz APOEL-lə oyunda qələbəyə köklənmişdik.

- Oyundan sonra əksəriyyət, hətta şahmatçı Şəhriyar Məmmədyarov da “Qarabağ”ın qrupdan çıxma şansının az olduğunu dedi. Siz necə düşünürsünüz?

- Şanslarımızın qaldığını düşünürəm. Qarşıdakı oyunlarda “Sevilya”dan xal almaq istəyirik. “Sevilya”dan xal almaq mümkün olsa, bizim şansımız təbii ki, qalacaq.

- APOEL-lə oyun UEFA tərəfindən riskli oyunlar siyahısına daxil edilmişdi. Komandanın orada olduğu müddətdə hər hansı təxribat yaşandımı?

- Xeyr, yaşanmadı. Bizə qarşı heç bir təxribat olmadı.

- “Qarabağ” hazırda Azərbaycan Premyer Liqasında turnir cədvəlinə liderlik edir. Lakin buna baxmayaraq, son 2 oyunda xal itirib. Eyni zamanda Kipr səfərindən də məğlub ayrıldı. Sizcə bu xal itkilərinin səbəbi nədir? Komandada yorğunluq var, ya necə?

- Əlbəttə, müəyyən səbəblər ola bilər. Amma bu, komandada ab-havanın yaxşı olmamağı demək deyil. Sadəcə komandada psixoloji gərginlik, fiziki yorğunluq var. Ancaq biz bunun öhdəsindən gələcəyik. Elə bir ciddi problemimiz yoxdur.

- “Qarabağ”ın bu mövsüm də rahat şəkildə çempionluq qazanacağı deyilir. Siz bu barədə nə düşünürsünüz?

- İnşallah. Bizim məqsədimiz də yenidən çempion olmaqdır.

- Mahir Emrelinin həm “Sevilya”dan, həm “Trabzonspor”dan təklif alması ilə bağlı məlumatlar yayılıb. Bu klublar “Qarabağ”la danışıq aparıbmı?

- Qərarı bizim texniki heyətimiz verəcək. Qurban müəllimin fikri bizim üçün əsasdır. Ona görə də lazımı işləri görəcəyik.

- Siz Türkiyə futboluna yaxından bələdsiniz. Mahir Emreli oraya getsə, nə edə bilər?

- Biz ona inanırıq. Cavan, perpektivli futbolçudur. Eyni zamanda Azərbaycanın adını yüksək səviyyədə təmsil etmək bacarığına sahib bir gəncdir. Ancaq dediyim kimi, hazırda “Qarabağ”ın futbolçusudur, bu klubun uğurları üçün çalışır. O, gələcəkdə hansı kluba getsə, inanıram ki, həm “Qarabağ”, həm də Azərbaycanı layiqincə təmsil edəcək.

- Azərbaycan millisinin üzvü Ramil Şeydayev “Trabzonspor”la müqavilə bağlasa da, heyətə düşə bilmədi, icarəyə verildi. Bəziləri süşünür ki, Mahir Emreli də “Trabzonspor”a keçsə, Ramillə eyni aqibəti yaşaya bilər. Siz necə düşünürsünüz?

- Əslində, biz “Trabzonspor”dan rəsmi təklif almamışıq. Ümumiyyətlə, iki futbolçunu bir yerdə dəyərləndirmək düzgün olmaz. Hərəsinin ayrı xarakteri, ayrı göstəriciləri var. Kimsə harasa gözdən düşmək, oyundan düşmək məqsədi ilə getmir, yaxşılığa doğru getmək üçün gedir. Qismət. Harasa getsə, onun üçün yaxşı olmasını istərik.

- “Düdelanj”la oyunda (1:4) baş verən erməni təxribatı ilə bağlı Lüksemburqun 2 deputatları Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib. Lakin uzun zaman keçməsinə baxmayaraq, hələ də sözügedən təxribatla bağlı yekun qərar yoxdur. Bəs “Qarabağ” rəhbərliyi bununla bağlı yenidən Lüksemburq tərəfinə müraciət ünvanlayıbmı?

- Xeyr, biz tərəfdən heç bir müraciət olunmayıb. Onsuz da, bu məsələ ilə bağlı UEFA məşğul olur, onların nəzarəti altındadır. Yəqin ki, bir nəticə çıxacaq.

- Son olaraq, “Qarabağ”ın Avroliqada qarşıdakı iki oyunu – “Sevilya” və “Düdelanj”la matçlarından gözləntiləriniz nədir?

- Bu matçları yüksək səviyyədə keçirmək istəyirik. Bu oyunlardan qalibiyyətlə ayrılmaq üçün hər kəs əlindən gələni edəcək. Çalışacağıq ki, bunu bacaraq (“Yeni Sabah”).