Əmrah Əmrahov finalda, daha 3 bürünc medal şansı
- 24 İyn 2024 21:45
- 246
Bu gün Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı start götürüb.
Rekord.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıb.
Əmrah Əmrahov (48 kq) yunanıstanlı Pavlos Tsentidisə və ermənistanlı Andranik Xaçatryana eyni hesabla (9:0) qalib gələrək yarımfinala yüksəlib. Əmrah yarımfinalda isveçli Santoş Sarmalinqama da aman verməyib – 6:0. Əmrahov sabah finalda rusiyalı Nikolay Kristovla qarşılaşacaq.
Əli Nəzərov (55 kq) startda ermənistanlı Aleksandr Aydoyevi məyus edib – 5:0. Daha sonra serbiyalı Kristian Dobiyə tam üstünlüklə (9:0) qalib gələn həmyerlimiz adını yarımfinala yazdırıb. Əli finalın bir addımlığında bolqarıstanlı Alyoşa İliyevə sonuncu xal prinsipinə görə (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
İsbəndiyar İmanov (65 kq) latviyalı Yaromirs Jukovsu vaxtından əvvəl (8:0), estoniyalı Robi Kristyuhanı isə sonuncu xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. İmanov 1/4 finalda almaniyalı Kevin Karlla bacarmayıb – 4:12.
Orxan Hacıyev (80 kq) yunanıstanlı Vasileyos Semertzidisə tam üstünlüklə (10:1) qalib gəldikdən sonra 1/4 finalda serbiyalı Duşan Stokiçdən güclü olub – 6:1. Hacıyev yarımfinalda sonuncu xal prinsipinə əsasən (5:5) türkiyəli Yiğit Sarıya məğlub olduğu üçün ümidini bürünc medala bağlayıb.
Mikayıl İsmayılov (110 kq) finlandiyalı Aleksandr Saramaekini vaxtından əvvəl (9:0) yolundan kənarlaşdırıb. O, 1/4 finalda gürcüstanlı Luka Şavadze üzərində qələbə qazanıb – 4:1. Təəssüf ki, milli üzvü yarımfinalda ukraynalı İvan Yankovskiyə uduzub – 0:8. Mikayıl da sabah üçüncü yer uğrunda mübarizə aparacaq.