“Bavariya” Almaniya Super Kuboku çərçivəsində ötən gecə Dortmund “Borussiya”sına 3:2 hesabı ilə qalib gəlib.

Rekord.az xəbər verir ki, bu qələbə münhenlilərin futbolçusu Tomas Müller üçün əlamətdar olub.

Super Kuboku başı üzərinə qaldıran Müller, Almaniya futbol tarixində ən çox titul qazanan futbolçuya çevrilib. Karyerası ərzində 27 kubok qazanan 31 yaşlı futbolçu, bu göstəricidə keçmiş komanda yoldaşı Bastian Şvaynştaygeri geridə qoyub. Dünənə qədər hər iki oyunçu 26 kubokla ən çox titul qazanan almaniyalı futbolçu ünvanına sahib idilər.

Qeyd edək ki, Müller “Bavariya” ilə 9 dəfə Almaniya çempionu olub, 6 dəfə ölkə kubokunu və 6 dəfə Super Kuboku qazanıb. İki dəfə UEFA Çempionlar Liqasında və Super Kubokunda titula sahib çıxan təcrübəli hücumçu, bir dəfə klublararası dünya çempionatında da eyni sevinci yaşayıb. Tomas Almaniya yığmasıyla da DÇ-2014-ün qalibi olub.