"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, monteneqrolu mütəxəssis 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:

"Yaxşı oyun keçdi. Təəssüf ki, erkən qol buraxdıq. Məhz bundan sonra daha yaxşı oyun göstərməyə başladıq. Müəyyən epizodlarımız var idi, istifadə edə bilmirdik. "Sumqayıt"ın da şansları oldu, onlar əks-hücuma yaxşı keçirlər. Oyunun tempi də kifayət qədər yaxşı idi. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini oynadıq. Futbolçularıma əhsən düşür, hesabı bərabərləşdirə bildilər. Qol buraxmaq təhlükəsi də var idi. Amma oyunçular sona qədər inanırdılar. Hakimlik barədə danışmağı xoşlamıram. Amma məncə, hakimlik meydandakı ən pis tərəf idi. Birinci hissədə üç dəfə VAR məqamı var idi. "Sumqayıt"ın qapıçısı topu nə qədər saxladı, amma cəmi 1 dəqiqə əlavə edildi. İkinci hissədə isə penalti var idi, baş hakim vermədi. "Araz-Naxçıvan"la görüşdə xatırlayırsız da, hansı şəraitdə penalti verdilər. Baş hakim hər iki komandanın göstərdiyi oyunu korladı".

Emin Mahmudov keçən həftə tam şəkildə məşq etmirdi. Ona görə əvəzlədim. Əvəzlənəndə, narazı qalması məni sevindirir. Əgər oyunçunu dəyişəndə, o sevinirsə, demək problem var. Heç bir futbolçu meydanı erkən tərk etməyi sevmir. Eminlə və heç bir futbolçu ilə problemim yoxdur. Onların mənimlə problemi varsa, özümə deməlidirlər.

Başa düşürəm ki, azarkeşlər razı deyil. Amma yeganə bacardığım, burada işləməkdir. Boş tribunalar qarşısında oynayırdıq. Sanki evdə deyildik. Azarkeşlər olsaydı, rəqibə təzyiq göstərərdi, 12-ci oyunçunu hiss edərdik. Biz "Sumqayıt"ın azarkeşlərini gördük. Çox deyildilər, amma onları eşidirdik”.