Ərəb klubu Ağabala Ramazanova 220 min dollar təklif edir
- 15 Noy 2019 13:00
- 1075
Azərbaycan millisinin və "Səbail”in hücumçusu Ağabala Ramazanov yeni ildən etibarən karyerasını Küveytdə davam etdirə bilər.
Rekord.az xəbər verir ki, yüksək liqa təmsilçisi "Əl-Ərəbi” yenə də 26 yaşlı forvardın transferində israrlıdır.
"Əl-Ərəbi” Küveyt Premyer Liqasına uğurlu start verməyib. Komandanın 6 turdan sonra 2 xalı var. Klub rəhbərliyi buna görə heyəti qışda gücləndirməyə qərar verib. Ərəblər yığmamızın üzvünə son olaraq illik 220 min dollar təklif edib. Müqavilə müddəti ilə 3 il nəzərdə tutulub.
"Əl-Ərəbi” Ramazanovu yola gətirmək üçün maraqlı varianta əl atıb. Futbolçunun nəzərinə çatdırılıb ki, əgər Küveytdə oynamağa razılıq versə, onu hava limanınlda 2000-dən çox azarkeş qarşılayacaq, küçələrə şəkilləri vurulacaq, telekanallarda "Azərbaycanın Hazardı" tipli tanıtım rolikləri gedəcək.
Küveytdə daha bir azərbaycanlı futbolçu çıxış edir. Söhbət yayda "Qəbələ”dən "Əl-Salmiyə”yə keçən Kamal Mirzəyevdən gedir. 25 yaşlı yarımmüdafiəçi qısa müddətdə komandasında əsas heyət üzvünə çevrilib.