"Sumqayıt"In estoniyalı futbolçusu Erik Sorqa Rekord.az-a müsahibə verib:

 

- “Səbail”lə səfər matçından başlayaq. Komanda mövsümə əla start verdi…

- Bəli, komandamız özünü ən yaxşı tərəfdən göstərdi, 4 qol vurduq və yaxşı nəticə əldə etdik. İlk turda özümüzü inamlıgöstərdik və bunun davamını növbəti turlarda da gətirmək istəyirik. Bütün imkanlardan istifadə edəcəyik ki, ilk “dördlüy”ə düşüb növbəti mövsüm avrokuboklarda iştirak edək.

- Yeni ölkədə, yeni çempionatda debüt elədin. Təəssüratların.

- Bəli, mənim üçün yeni çempionat idi. Bir oyunla nə isə demək çətindir.

- Ümumi futbolumuz haqda soruşum. Əvvəl hansı təəssürat var idi, indi necədi?

- Bu gün üçün təəssüratım yaxşıdı. Yaxşı komandamız var, yeni formalaşır, daha yaxşı oynamaq üçün zamana ehtiyac var. Oyundan-oyuna daha yaxşı nəticələr qazanıb azarkeşlərimizi sevindirmək istəyirik.

- Öz oyunun haqda nə deyə bilərsən? Penaltidən olsa belə, debüt oyununda fərqlənməyi bacardın…

- Çətindi bir söz demək. Çünki “Səbail”lə oyunda sol cinah yarımmüdafiəçisi kimi oynadım, halbuki bu, mənim mövqeyim deyil, mənim mövqeyim sırf hücumçudur. Yaxud hücumçuların arxasında oynayıram. Lakin baş məşqçi bu mövqeydə oynadıbsa, burada komandama kömək etməliyəm.

- Azərbaycan və Estoniya çempionatlarını necə müqayisə edərdin?

- Azərbaycan çempionatının səviyyəsi daha yüksəkdir. Burada daha ciddi komandalar var.

- Azərbaycanda havalar Estoniya ilə müqayisədə çox isti keçir. Bu, sənə mane olmur?

- Çox istidir, başqa cür nəfəs almalı olursa (gülür). Amma tədricən uyğunlaşırıq.

- Növbəti turda daha iddialı "Sabah"la qarşılaşacaqsınız. Necə düşünürsən, uğurlu startın davamını gətirmək mümkün olacaq?

- Niyə də yox? Evdə, öz azarkeşlərimizin qarşısında oynayacayıq və düşünürəm ki, xeyli fanat toplaşacaq. Yaxşı nəticə üçün bütün imkanlarımızı səfərbər edəcəyik.

- Qarşına şəxsi hədəf olaraq, daha çox top vurmaq, bombardir olmaq məqsədi qoymusan?

- Əlbəttə bu, əsas hədəflərimdən biridir. Amma digər vacib hədəf komandama kömək etməkdir. Çünki ən əsas hədəfimiz avrokuboklara vəsisə qazanmaqdır. Nə qədər bacarıram, o qədər də qol vurmağa çalışacam.

- Az öncə qeyd etdik ki, təmiz hücumçu olduğun halda "Səbail"lə oyunda sol cinah yarımmüdafiəçisi kimi oynadın. Düşünmürsən ki, bu mövqeydə oynamağa davam etsən, bombardir olmaq çətin olacaq?

- Baxaq görək, necə olacaq. Komandanın oyunlara hansı əhval-ruhiyyədə çıxmasından da çox şey asılıdır.

- Daha çox hansı futbolçularla ünsiyyət qurursan, yerli, yoxsa əcnəbi? Dillə, ünsiyyətlə bağlı hər hansı problem olmur ki?

- Mənim üçün belə problem yoxdur, çünki özüm də kifayət qədər komandalarda oynamışam. Mən özüm rus dilində bilirəm. Bu dili bilməyən digəır əcnəbi futbolçulara da kömək edirəm. Yerli futbolçularla da rus dilində rahat ünsiyyət qurmaq olur. Bu mənada hamı ilə problemsiz ünsiyyət qururam və bu məsələdə hər şey komfortludur.

- Ölkəmiz, Sumqayıtla bağlı təəssüratların necədir?

- Təəssüratlarım yaxşıdır, dəniz yaxınlığımızda yerləşir. Sumqayıt sakit şəhərdi, ailəliklə dincəlmək üçün münasibdir, şəhərlə müəyyən qədər tanış olmuşam. Təbii ki, gəzmək, ailə ilə vaxt keçirmək üçün Bakıda imkanlar daha çoxdur və bu mənada tez-tez Bakıya da üz tuturuq.

- Ailən necə, Azərbaycana uyğunlaşa bilir? Yeni ölkə, müsəlman ölkəsi, yeni mentalitet, yeni mətbəx...

- Estoniyada da "şaşlıq"ı çox sevirlər (gülür). Bu mənada da heç bir bir problem yoxdur, ailəm də qısa zamanda bura uyğunlaşıb.

 

Anar XANLAROV