Masallı Azərbaycanın dilbər guşələrindən biridir. Ərkivan isə bu gözəl rayonun xüsusi çəkiyə malik qəsəbəsidir. Burada 20 min əhali yaşayır. Masallının hər yerində olduğu kimi,  Ərkivanda da idmana böyük həvəs var və idmanı sevirlər. Təsadüfi deyil ki, hələ SSRİ dönəmindən bu qəsəbədən bir sıra tanınmış idmançılar çıxıb.  Ağır atletika üzrə SSRİ çempionu, beynəlxalq dərəcəli hakim Cəbrayıl Cəbrayılov, güləşçi, karate üzrə dünya və Avropa çempionu, prezident mükafatçısı Taleh Babayev, güləşçi, SSRİ çempionu, SSRİ idman ustası, əməkdar məşqçi Nadir Ağayev, güləş üzrə SSRİ çempionu Yaqub Məmmədov, güləş üzrə Avropa çempionu, idman ustası Əli Əliyevin adlarını çəkmək kifayət edər. Diqqət yetirdinizsə, güləş idman növündə Ərkivan xüsusi seçilir. Hazırda da bu qəsəbədən tanınmış güləşçilər çıxır. Hətta əldə etdyimiz məlumata görə, hazırda bu qəsəbənin 4 yetirməsi güləş üzrə milli komandanın üzvləridir.  Amma...

 

Rekord.az olaraq, gəlirik işin əmmalı tərəfinə.

Çox böyük təəssüflə qeyd etməliyik ki, Azərbaycan idmanına, güləşinə bu qədər idmançı bəxş edən Ərkivanın yeganə güləş zalı çox acınacaqlı durumdadır. Uşaqlar, yeniyetmələr güləşə nə qədər böyük maraq göstərsə də, şərait onların daha da inkişafının qarşısını alır. Zal sanki sovet dövrünün köhnə zavodlarının emalatxanasını xatırladır. Uçuq-sökük divarlar, soyuq döşəmə, istismar müddətini çoxdan başa vurmuş güləş döşəyi və s. Əldə etdiyimiz məlumata görə, zalın acınacaqlı durumu ilə bağlı dəfələrlə aidiyatl qurumlara, Masallı Rayon İcra Hakimiyyətinə, Masallı Gənclər və İdman idarəsinə müraciət olunsa da, bu günə qədər gedib maraqlanan, tədbir görən olmayıb. Bu cür laqeyd, məsuliyyətsiz yanaşma isə idman ölkəsi olan Azərbaycanın idman siyasəti ilə daban-dabana ziddir. Bu gün dövlət, şəxsən ölkə başçısı səviyyəsində idmana, idmançılara xüsusi qayğı var və aidiyatl qurumlar, onun rəhbərləri də ölkə başçısına baxıb nümunə götürməlidir. Çox ümid edirik ki, Masallı rayon rəhbərliyi, gənclər və idman idarəsinin məsul şəxsləri Ərkivan qəsəbəsindəki bu zalın taleyinə biganə qalmayacaq və əsaslı təmiri üçün əllərindən gələni edəcəklər.