Erməni mütəxəssis Aleksandr Qriqoryan “Spartak”da çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev haqda danışıb.

Rekord.az xəbər verir ki, “eurosport.ru”ya açıqlama verən Qriqoryan, Quliyevlə “Anji” klubunda birgə işlədikləri zamanlardan danışıb:

“Ayazın “Anji”yə dəvətinin təşəbbüskarı mən və Osman Kadıyev idi. Quliyevi “Spartak-2”-dən yaxşı tanıyırdım. O, “6”, “8” və “10 nömrə”lərin keyfiyyətlərini özündə birləşdirən unikal futbolçudur. Ayaz dayaq yarımmüdafiəçisi kimi də oynaya bilir, hücumameyilli kimi də.

Ayaz Quliyevin potensialının nə olduğunu bilmək istəyirsizsə, onun “Anji”də “Zenit”ə qarşı oynadığı matça baxın. Görüş 1:1 hesabıyla bitdi, ancaq ən azı üç top vurmalıydıq. Bütün komanda çox yaxşı oynamışdı. Lakin Quliyevin yarımmüdafiədəki hərəkətlərinə baxın və mənə deyin: “Rusiyanın mərkəz yarımmüdafiəçiləri arasında belə oyun çıxara biləcək futbolçu varmı?”

Ayaz Quliyev 2017-ci ilin yanvarından dekabr ayınadək “Anji”də çıxış edib. 23 yaşlı yarımmüdafiəçi 2019-cu ilin yanvarından Moskva “Spartak”ının formasını geyinir.