"Ermənilər hazırda o halda deyillər ki, getsinlər hansısa yarışda çıxış etsinlər" MÜSAHİBƏ
- 27 Okt 2020 15:45
- 963
Rekord.az Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə 66 kq çəki dərəcəsində bürünc medal qazanan cüdoçu Orxan Səfərovun müsahibəsini təqdim edir:
- Koronavirus pandemiyasına görə uzun müddət məşqsiz qaldınız. Lakin Macarıstandakı yarışda medal əldə edə bildiniz. Turnirə yollanmamışdan əvvəl uğur qazanacağınıza inanırdınız?
- Komanda olaraq çalışdıq ki, yarışda ölkəmizi layiqincə təmsil edək. Pandemiyaya görə çətin dövr olduğu üçün hazırlığımız tam deyildi. Lakin buna baxmayaraq, nəyin bahasına olursa olsun, bu çətin dönəmdə Azərbaycanın adın qaldırmaq istəyirdik. Bizə belə bir vaxtda şərait yaratdığı üçün ölkəmizə, prezidentimizə və cüdo federasiyasına təşəkkürümü bildirirəm. Pandemiya və döyüşlər vaxtı bizi yarışa göndərdilər ki, ölkəni təmsil edək. Biz də yaxşı çıxış etdik. Daha da yaxşı nəticələr əldə etməyi planlaşdırırıq. Həm tatami üzərində, həm də döyüş bölgəsində qələbə qazanacağımıza inanıram.
- Döyüş meydanındakı qələbələr sizə Macarıstanda əlavə motivasiya verirdimi?
- Əlbəttə. Fikrimiz o idi ki, hamımız medal qazanandan sonra əsgər salamı verək. Üçümüz də bunu etdik. Beynəlxalq Cüdo Federasiyası, orada oturan hakimlər bizə işarə etmişdilər ki, əsgər salamı verməyək. Dedilər ki, tatami üzərində siyasət olmamalıdır. Amma bizim bir fikrimiz var idi: qalib gələk və əsgər salamı verək. Bizə güc və qüvvət verən də o idi.
- Yarımfinalda Rusiya təmsilçisi Yakub Şamilova cərimə xalları hesabına məğlub oldunuz. Sizə qarşı ədalətsizlik olduğunu düşünürsünüz?
- Mənə qarşı həmin görüşdə haqsızlıq oldu. Heç kim başa düşə bilmədi ki, nə baş verir. Sonradan məşqçimiz Elxan Məmmədovla görüntülərə baxdıq və digər hakimlərə göstərdik. Bəlli oldu ki, mənə qarşı haqsızlıq olub. Bir sözlə güləşməyimə imkan vermədilər.
- Nəyi əsas gətirib sizi cərimə xallarına görə məğlub elan etdilər?
- Heç bir əsas yox idi. İlk yarış günündə mənə qarşı olanları, daha sonra 73 kq-dakı Telman Vəliyev yaşadı. İki görüşü də həmin rumıniyalı hakim idarə etdi. Telman da üçüncü cəriməni almışdı. İki halda da haqsızlıqla üzləşdik.
- Ermənistan Macarıstandakı yarışda iştirak etmədi. Səncə, bunun səbəbi nədir?
- Biz o qədər güclü dövlətik ki, hər yerdə sözümüzü deyirik. Həm yarışlarda, həm də döyüş meydanında. Ermənilər hazırda o halda deyillər ki, getsinlər hansısa yarışda çıxış etsinlər, güləşsinlər. Onların bütün dərdi canlarını qurtarmaqdır.
- Ermənistan təmsilçiləri yarışa qatılsaydı, özünüzü necə hiss edərdiniz?
- Həmin vaxt daha motivasiyalı olardıq. Düşmən ölkənin idmançıları bizimlə düşsəydi, daha istəkli mübarizə aparadıq. Çalışardıq ki, nəyin bahasına olur-olsun, onlarla qarşılaşaq və qalib gələk.
- Növbəti il Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunları keçiriləcək. Lisenziya qazanacağınıza inanırsınız?
- Artıq lisenziya xallarım var. Olimpiya reytinqində 17-18-ci pillələrdəyəm. Bu isə birbaşa iştirak üçün kifayətdir. Mənimlə eyni çəkidə Nicat Şıxəlizadə də var. 2-3 pillə məndən irəlidədir. Hər çəki dərəcəsində ölkənin bir təmsilçisi olmalıdır. Qarşıda yarışlar var, çalışacağam ki, daha da irəli pillələrə keçim. Nicat mənim dostumdur, amma hamı istəyir ki, olimpiadada çıxış etsin. Kim güclüdürsə, o da Tokioya gedəcək (report).