Bu yazını oxumağınızın qəribə tarixçəsi var. Deməli, aprelin 21-də saytımızda “Neftçi” azarkeşi yazdı, Tahir Süleymanov izahat verdi” sərlövhəli yazı yer alıb.

Tahir bəyin izahatındakı “Samir Ələkbərovun yeganə azərbaycanlı kimi ermənilərin arasında, "Qarabağ" Xankəndinin heyətində çıxış etdiyi vaxtlar idi” cümləsi sabiq hakim, hazırda premyer-liqa matçlarına hakim-inspektor kimi təyinat alan Munis Abdullayevə toxunub.

Saytda yazı ilə tanış olan Munis bəy “şərh” bölməsində fikirlərini bölüşüb: “Heç kim heç kimin haqqını yeyə bilməz. Samir Ələkbərov 86-cı ildə “Qarabağ”ın heyətində yeganə azərbaycanlı kimi oynayıb. 87-ci il mövsümündə “Qarabağ”ın heyətində yeganə və ən sonuncu azərbaycanlı mən olmuşam. 88-ci il yanvarın 11-də isə Xankəndindən öz ərizəmlə komandanı tərk edib Sumqayıt komandasına dəvət olunmuşam. Tahir Süleymanovun qeyd etdiyi məlumat yanlışdı, “Qarabağ”ın heyətində məndən sonra heç bir azərbaycanlı oynamayıb”.

Məhz bu məqamla bağlı Munis bəyi aradıq, o isə ermənilər arasında başına gələnləri bir-bir anlatdı...

- Tarixi təhrif etmək olmaz. Nə məcburdu ki, bilmədiyin şey haqda nəsə yazasan. Samir mənim dostumdu, canım-ciyərimdi. Qardaşları Nəriman və Aydınla bir yerdə futbol oynamışam. Ancaq hər şeyi olduğu kimi demək və yazmaq lazımdı. Xankəndi “Qarabağ”ında sonuncu azərbaycanlı futbolçu mən olmuşam. 1987-ci il mövsümündə orda oynamışam və məndən sonra da bizimkilərdən heç kim orda olmayıb. Tahir Süleymanovdan da istəyim budu ki, belə faktlara həssas yanaşsın, kiminsə haqqına girməsin.

- Necə oldu ki, Xankəndinə yollanası olduz?
- 1986-ci ildə mən “Neftçi”nin əvəzedici heyətində çıxış edirdim. Mövsümün ortaları idi. “Zenit”lə səfərdə qarşlaşırdıq. İlk hissədə ayağımdan ciddi zədə alaraq meydanı erkən tərk etməli oldum. Həmin görüşdən əvvəl rəhmərlik Ruslan Abdullayev demişdi ki, növbti turda əsas heyətdə meydana çıxacaqsan. Təəssüf ki, zədə səbəbindən bu alınmadı. Onu da qeyd edim ki, həmin il “Neftçi”nin əvəzedici heyətində Yerevandan 30 kilometr aralıda yerləşən Aştarak şəhərində “Ararat”ın ikinci komandasına qarşı da oynamışdım. Oktyabrda zədəmi bərpa edib məşqlərə başlamışdım. Həmin ərəfədə Xankəndi “Qarabağ”ından təklif gəldi. Komandanın rəsisi Aleksey Balayan məni heyətdə görmək istəyirdi. Məndən əvvəl Samir Ələkbərov “Qarabağ”da yaxşı mövsüm keçirmişdi. O sonradan “Neftçi”yə gəldi. Maddi planda şərtləri məni qane etdiyindən təklifi qəbul etdim.

- Həmin vaxt ermənilərdən qurulmuş komandada özünüzə qarşı hansı antipatiya hiss edirdiz?
- Baş məşqçimiz Mkrtıçev bakılı idi. Yoldaşı isə azərbaycanlı olmuşdu. Oğlu da 1983-cü ildə “Qarabağ”da oynamışdı. Heyətdə məndən başqa əslən Bakıdan olan iki erməni də var idi. Onlardan başqa Ermənistandan 2, Osetiyadan da 2 futbolçu düşərgədə yer almışdı. Əsas heyət üzvü sayıldığımdan, mənə hörmətlə yanaşırdılar. Maaşım da əlavə ödənişlərlə bir yerdə 500 rubl təşkil edirdi. Etiraf edək ki, 22 yaşlı gənc üçün bu heç də pis deyildi. Baş məşqçimiz onu da demişdi ki, maaşını əmanət kitabçasına qoysan, daha yaxşı olar. Onun məsləhətinə qulas asıb, belə etmişdim. Ancaq vaxt ötdükcə hiss olunurdu ki, ermənilər nəyəsə hazırlaşırlar. Onu da deyim ki, komandadan ayrılanda pulumu çıxarmaq üçün banka yollananda dedilər ki, həmin pul ermənilərin yaratdığı “Krunk” cəmiyyətinin hesabına köçürülüb. O vaxtdan özləri üçün pul yığırlarmış. Məsələni baş məşqçiyə danışdım. Onun müdaxiləsindən sonra pulumu geri qaytardılar. İlk dəfə 87-nin yayında hiss etdim ki, vəziyyət dəyişmək üzrədi.

- Nədən? Qulağınıza nəsə çatmışdı, yoxsa sizə münasibət dəyişmişdi?
- Bir dəfə stadiona yaxın parkda gedərkən gördüm ki, azərbaycanlılar bir yerə yığışıb söhbət edirlər. Demək olar ki, onların hamısını tanıyırdım. Əvvəl Samirə, sonra isə mənə görə “Qarabağ”ın matçlarına gəlib ayrıca sektorda oturur, oyunlarımızı izləyiridlər. Söhbət əsanasında dedilər ki, ermənilər Qarabağın Ermənistana verilməsini istəyirlər və artıq bu yöndə işlər görməyə başlayıblar. Həmin vaxt bu sözlər mənə qeyri-ciddi gəldi. “Belə şey ola bilməz” deyib, aralanmaq istəyirdim. Aralarından bir nəfər “yüksək vəzifədə olan azərbaycanlıları artıq işdən çıxarmağa başlayıblar” söylədi. Mənə inandırıcı gəlmədi. Ancaq 7-8 aydan sonra ermənilər açıq-aydın bu məsələləri qabartmağa başladılar ki, onda artıq mən Sumqayıt komandasının şərəfini qoruyurdum.

- Belə çıxır ki, “Qarabağ”da olarkən ermənilərdən heç də pis münasibət görməmisiz...

- Açıq-aydın pis münasibət göstərməsələr də, onlardan biri olmadığımı büruzə verirdilər. Sizə bir hadisəni danışım: Sumqayıt təmsilçisi ilə oyuna gəlmişdik və mehmanxanada qalırdıq. Komandada Varujan adlı milliyyətçi bir oyunçu var idi. Gördüm ki, erməni oyunçular bir-bir, iki-iki onun otağına girib çıxırlar. Mən də otağa daxil olmaq istəyəndə Bakı ermənisi olan Erik “Munis, sən ora girməsən yaxşı olar” deyib, öz otağımıza getməyi məsləhət gördü. Sonradan bildim ki, ermənilər orda nə edirmiş. Sən demə, Varujan erməni oyunçulara Amerikadan göndərilən kaseti dinlədirmiş. Sonradan mən də müxtəlif yollarla həmin kaseti əldə edib qulaq asdım və tüklərim biz-biz oldu. Orda arvad-uşaq ağlaşması, qorxulu musiqinin sədası altında qışqır-bağır səsləri gəlirdi. Guya türklər erməniləri belə qırıblar. Sumqayıt komandası ilə oyundan əvvəl Varujan “qarşıdakı türklərdi” deyib kollektivi bu yolla motivasiya edirmiş. Həmin oyundan sonra “Qarabağ” Kirovakana yollandı. Hər iki komandanın heyətində yalnız erməni futbolçular çıxış edirdi. İsinmə hərəkətləri zamanı diktor adları çəkdikcə 22 min azarkeş oyunçuları salamlayırdı. Birdən bütün “yan”ların arasında Abdullayev soyadı səsləndi. Bir anda narazlıq bütün stadionu başına götürdü. Onların belə etməsi sanki mənə əlavə güc verdi. Həmin oyunu yüksək səviyyədə keçirmiş, “ən yaxşı oyunçu” seçilmişdim.

- Azərbaycan komandaları ilə görüşlər necə keçirdi?
- Bir dəfə də Xankəndində “Kəpəz”i qonaq edirdik. Matçın gedişində Slavik adlı oyunçumuzla Füzuli Allahverdiyev arasında insident yaşandı. Sonradan bu böyük davaya çevrildi. Azarkeşlər də meydana axışdı. Milisin müdaxiləsinə baxmayaraq, aləm bir-birinə dəydi. Qısası, azarkeşlər “Kəpəz”in oyunçularını döydülər. İkinci dövrədə “Qarabağ” Gəncəyə səfər etdi. Qarşılaşmanın sonlarına yaxın “Kəpəz”in adını unutduğum futbolçularından biri mənə yaxınlaşaraq, “Munis, tunelə girəndə işıqlar sönən an özünü divara yapışdır” deyib, yanımdan ötdü. Oyun gəncəlilərin qələbəsi ilə başa çatdı. Sonra tunelə daxil olduq və hər iki komandanın oyunçuları yan-yana paltardəyişmə otağına gedərdən birdən işıqlar söndü. O dəqiqə özümü divara sıxdım. Məşhur Gəncə tunelində nələr yaşanmadı?! 10-15 saniyədə “Qarabağ”ın erməni futbolçularının ah-naləsi göyə qalxdı. Paltardəyişmə otağına girəndə gördüm ki, kiminin ağzı-burnu partlayıb, kiminin gözünün altı qaralıb. Təkcə mən salamat idim. Bu üzdən hamısı mənə qanlı-qanlı baxırdı. Mövsümü orda başa vurdum, növbəti il isə Tofiq Abbasovun dəvəti ilə Sumqayıt “Vosxod”una keçdim (Futbol+).