"Necə çıxış etdiyimi deyə bilmərəm, amma əsas məqsədimiz çempion olub, Premyer Liqaya vəsiqə qazanmaqdır".

Rekord.az xəbər verir ki, bunu Azərbaycan I Liqasında çıxış edən “Qəbələ”nin nigeriyalı futbolçusu Oçe Oçoveçi klubun mətbuat xidmətinə açıqlamasında deyib.

22 yaşlı oyunçu komandaya uyğunlaşmaqda problem yaşamadığını bildirib:

“Uyğunlaşama prosesində heç bir problem olmadı. İstər rəhbərlik, istərsə də məşqçilər heyəti və komanda yoldaşlarım tərəfindən çox xoş qarşılandım. Artıq “Qəbələ”nin heyətində rəsmi matçlarda da meydana çıxdım”.

O, “Qəbələ”də oynadığı üçün xoşbəxt olduğunu vurğulayıb:

“Bundan əvvəl çıxış etdiyim klublarda çox şey öyrənmişəm. İndiki komandamda da karyerama müsbət təsir edəcək nələrsə olacağına inanıram. Bu baxımdan “Qəbələ”də olduğum üçün çox xoşbəxtəm. İnanıram ki, təcrübəmi xeyli artıracağam”.

Oçe Oçoveçi Azərbaycandan təklif alarkən bir dostu ilə məsəhətləşdiyini qeyd edib:

“Azərbaycana gəlməzdən əvvəl burada oynayan bir dostumla məsləhətləşdim. Mənə “Qəbələ” barədə çox müsbət fikirlər söylədi. Təklifi mütləq qəbul etməli olduğumu bildirdi. Bu səbəbdən klubumu dəyişmək qərarına gəldim. “Qəbələ”nin düşərgəsinə qatıldıqda düzgün qərar verdiyimə bir daha əmin oldum. Hazırda fikrimiz komanda şəklində inamlı addımlar atmaqdır”.

Qeyd edək ki, “Qəbələ” I Liqada 3 turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb.