"Əsas odur ki, futbolçular mənə görə yox, Azərbaycana görə oynasınlar"
- 10 Okt 2024 20:00
- 290
Sabah Millətlər Liqasında Estoniyanın qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş oyun öncəsi mətbuat konfransı keçirib. Rekord.az konfransı sizin diqqətinizə çatdırır:
- Bu gün sizin yubiley gününüzdür, 70 yaşınız tamam olur. Arzu edirik ki, milli komanda sabah sizə əsl doğum günü hədiyyəsi edəcək...
- Əvvəla onu deyim ki, mənim ingiliscəm o qədər də yaxşı deyil, amma çalışacam məhz bu dildə sizin suallarınızı cavablandırım. Təbrik üçün də təşəkkürlər, mən də ümid edirəm ki, oyunçularım sabah mənə ad günü hədiyyəsi edəcək.
- Kifayət qədər böyük təcrübəniz və məşqçi karyeranız var. Sizə işinizdə motivasiya verən əsas amil nədir?
- Bəli, mənim yetəri qədər futbol karyeram var, bunun bir hissəsini də məşqçiliyə sərf etmişəm. Buna baxmayaraq, yenə də öz üzərimdə işləyirəm. Hazırkı işimdə əsas motivasiyam isə o oldu ki, AFFA-dan mənimlə əlaqə saxlayıb milli komandaya dəvət edəndə, Azərbaycanda futbola böyük maraq olduğunu gördüm. Düşündüm ki, mən də bu ölkədə futbolun inkişafına kömək edə bilərəm, bu ölkənin futbolunu yaxşı yerə gətirə bilərik.
- Hər iki komanda üçün vacib oyundu, hər iki komanda bundan əvvəlki oyunları uduzublar. Bu baxımdan sabahkı oyundan nə gözləyirsiniz?
- Mən Estoniyanın geridə qalan hər iki oyununa, eləcə də Azərbaycanda ötən iki oyunun da videosuna baxmışam. Futbol elə oyundur ki, hücumda olan, qol vuran qələbə qazanır. Mənim komandam mənim nə istədiyimi bilir. Biz də hücumda oynamağa üstünlük veririk. Sabah da çalışacayıq ən yaxşı oyunlarımızdan birini keçirək. Güclü oyun olacaq, təbii ki, hər komandanın sabahkı oyuna motivasiyası fərqli olacaq.
- 10 il bundan öncə, 60 yaşınız olanda Fransa ilə yoxlama görüşü keçirmişdiniz və həmin oyunda qazandığınız penaltini Kuarejma vurmuşdu. Yəqin Ronaldo həmin oyunda meydançada olmadığı üçün bu penalıtini Kuarejma vurmuşdu. Sabahkı oyunda penalti olsa, kim vuracaq?
- Çox illər əvvəl olub, ona görə yaxşı xatırlaya bilmirəm (gülür). İki sonra Avropa çempionatında da onlarla oyandıq. Məni xatirələrə götürdünüz. O ki qaldı suala, penalti olarsa, bunu kimin vuracağını bilirəm, amma bunu deməyəcəm.
- Təyyarədə futbolçularla birlikdə gəldik və özümüz də gördük ki, komandada necə yüksək əhval-ruhiyyə var. Bu baxımdan biz də sabahkı oyunda qələbəyə inanırıq. Amma bilirik ki, Estoniya fiziki cəhətdən güclü komandadır, hava toplarında üstünlükləri var. Hansı ki, bizim zəif yerimizdi. Bu baxımdan hansısa plan üzərində işləmisiniz?
- Mənim üçün vacib olan öz komandamdı və futbolçularıma da rəqib haqda kifayət qədər məlumat vermişik. Rəqibin oyunlarına baxmışıq. Görmüşün ki, onlar standart vəziyyətlərdə təhlükəlidir. Hücumda və müdafiədə öz mövqelərimizi bilirik. Komandam bununla bağlı məlumatlıdır. Futbolçularım əllərdindən gələnin ən yaxşısını etməyə çalışacaqlar.
- Milli komandanın lideri Emin Mahmudov klubunda problem yaşayır, son üç matçda oynamayıb. Onun psixoloji durumu yerində deyil. Amma Emin milli üçün vacib fiqurdur. Onu yenidən qazanmaq üçün söhbət etmisiz?
- Ciddi bir problem hiss etməmişəm. Əhval-runiyyəsi yaxşıdır, heç bir psixoloji problemi yoxdur. Bilirik ki, Emin Mahmudov komandaya lazım olan oyunçulardandır. Əsas odur ki, o komanda üçün nəsə etməyə çalışsın. Hiss etməmişəm ki, hər hansı söhbət etmək lazımdır. Emin yaxşı vəziyyətdədir, özünü yaxşı hiss edir. Əsas odur ki, futbolçular mənə görə yox, Azərbaycana görə öz ürəklərini qoysunlar və oynasınlar.
- Emin Mahmudov start heyətdə yer almasa, komandanın kapitanı kim olacaq?
- Bu gün heç nə deyə bilmərəm. Başa düşürəm sizin işiniz budur. Amma siz də məni başa düşün.
- Taktika cəhətdən rəqibə hansısa sürpriz hazırlamısız, yoxsa həmişəki oyununuzu oynayacaqsız?
- Öz fəlsəfəm var, komandaya bununla bağlı məlumat verilib. Müxtəlif taktikalarda oynaya bilərik. Heç bir sürpriz yoxdur. Ən əsası odur ki, oyunda dinamika olsun. Komanda olaraq addım-addım nəyəsə can atmağa çalışırıq. Get-gedə daha yaxşı olacağıq. Haradansa oyunçu gətirə biliriksə, hansısa mövqeni gücləndirə bilərik. Amma kimisə gətirə bilmərik. Azərbaycanda hansı futbolçular varsa, onlarla işləməliyik. Bu oyunçuları daha irəliyə aparmalıyıq. Bunun üçün əlimdən gələn hər şeyi etməyə çalışıram.
- Estoniya ilə matç Azərbaycan milli komandasının əsl gücünü bilmək üçün yetərlidir?
- Deməzdim ki, Estoniya millisi zəifdir. İlk oyunda 5 santimetrlik ofsayddan qol buraxdılar. Düşünürəm ki, rəqib hücumda oynayacaq. Amma futbolçularıma demişəm ki, çəkinməyin, qorxmayın. Hansı komandanın güclü və ya zəif olması barədə düşünmürəm. Mənim üçün bir yol var. Bu yolla getməliyik. Bu gün Estoniya ilə oynayırıq, sabah Portuqaliya ilə oynaya bilərik. Hansısa komandadan çəkinib müdafiədə oynamaq və ya hansısa komandadan üstün olub hücumda oynamaq kimi bir şey yoxdur. Yalnız bir düşüncə tərzi ilə getmək lazımdır. Mənim əsas məqsədim Azərbaycan milli komandası üçün bir yol qoymaqdır.
QEYD: Jurnalistlərin Estoniyaya səfəri Misli-nin dəstəyi ilə həyata keçirilib.