
“Əsl çempionluğa layiq oyun oldu” - Qurban Qurbanov
- 27 Apr 2025 22:59
- 38
“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sabah”ın qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:
“Futbolçularımı təbrik etmək istəyirəm. Bir illik əziyyətdən sonra belə bir uğur əldə etdik. Buna görə çox sevinirik. Baxmayaraq ki, çempionluğun sayı çoxdur, amma futbolçularım bu sabitliyi qoruya bilirlər. Əsl çempionluğa layiq oyun oldu. Buna görə oyunçularıma təşəkkür edirəm.
Çempionluğun sayı nə qədər çox olsa da futbolçuları oyunboyu bu motivasiyada saxlamaq çətin olur. Ümumiyyətlə, hər bir işdə ilk uğur şirin olur. Amma hər bir halda, futbolçularımı istəkli gördüm.
Son oyunlarda heyəti dəyişməmişdim. Kubokun son matçında da oyunçularda yorğunluq hiss olunurdu. Çünki sıx qrafikdə çıxış edirik. Digər futbolçulara da təşəkkür edirəm. Çünkü 90 dəqiqə oynamayanda sonradan bunu qoruyub saxlamaq olmur. Çempionluqda nəinki əsas heyət, mən deyərdim ki, ikinci heyətin əziyyəti daha böyükdür.
Köklü dəyişikliklər bir az ağır gəlir. Biz duruma uyğun hərəkət etməliyik. Bütün heyəti dəyişmək çox çətindir. Hansı kollektivlə işləmişəmsə, inanın ki, onlardan heç birini göndərmək istəmirik. Çünki onların əziyyəti böyükdür. Amma ümumiyyətlə, gedişata baxıb addımlar atacağıq. Müəyyən dəyişikliklər gözlənilir, amma bu o demək deyil ki, komandanı bütövlükdə dəyişəcəyik.
“Sabah”ın oyununu təhlil etsək, bu komanda həmişə məndə xoş təəssürat yaradıb. Hansı ki, sürətli, texnikalı oyunçuları var. Bu komandayla qarşılaşanda həmişə yaxşı analiz etmək lazımdır. Yaxşı, düşünülmüş hücumlara çıxırlar. Hansı ki, ani diqqətsizlik qapımızda qolla nəticələnə bilər.
Ümumiyyətlə, klub rəhbərliyi ilə hər dəfə müzakirələr aparaırıq. Diqqətimiz daha çox yay transfer pəncərəsinə yönəlib. İllər boyu 4-5 oyunçu ilə danışıqlar aparmışıq, amma sonda görürsən ki, ikisini gətirə bilmişik. Futbolçular bu gün daha çox Avropaya meyl edir. Ümumiyyətlə, çətindir oyunçu gətirmək. İstəyirik ki, hər mövqeyə futbolçu transfer edək. Planlarımız var ki, bir neçə oyunçu gətirək. Bəzi futbolçular olub ki, onunla uzun müddət danışıqlarımız olub, razı salmaq üçün çox çalışmışıq. Futbolçu karyerası qısadır. Ona görə onlar burada ürəkdən çıxış edirlərsə, mən də müəyyən kompromislərə getməliyəm.
Çempionlar Liqası ilə bağlı hələ ki, fikir bildirə bilmərəm. Buna vaxtımız var. Amma ümumiyyətlə, istəyirik ki, hər bir turnirdə uğurlu nəticə qazanaq”.