İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulub.

Əsmər Cankurtaran (50 kq) təsnifat mərhələsində türkiyəli Zerda Demirə minimal fərqlə (6:7) məğlub olub. Rəqib finaladək yüksəldiyi üçün Cankurtaran təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Bu mərhələdə macarıstanlı Bianka Fata (15:5) tam üstünlüklə qalib gələn Əsmər isveçrəli Svenya Junqonu da 9:6 hesabıyla üstələyərək bürünc medal qazanıb.

Ruzanna Məmmədova (55 kq) moldovalı Lina Nitaya "tuş"la qalib gəlsə də, 1/4 finalda rumıniyalı Karla Lirkaya uduzub - 4:5. Rəqibin finala yüksəlməsi Məmmədova üçüncülük uğrunda mübarizə aparmaq imkanı yaradıb. Ruzanna norveçli Felisitas Domayevaya gücünü göstərərək (9:6) bürünc medal əldə edib.

Firuzə Məcidova (59 kq) təsnifat mərhələsində polşalı Aleksandra Vitoşa "tuş"la məğlub olub.

Mərziyə Sadıqova (68 kq) serbiyalı Emiliya Yakovlyeviçə "tuş"la qalib gəlsə də, 1/4 finalda yunanıstanlı Nikoleta Barmpaya 6:8 hesabıyla uduzub.