XXI əsrin ən yaxşı futbolçuları açıqlanıb. Ən yaxşılar ELO sistemi ilə müəyyənləşib.

Hesablamalarda futbolçuların oyuna təsiri olan qolları, məhsuldar ötürmələr, həmçinin rəqiblərin və turnirlərin səviyyəsi nəzərə alınıb. İspaniya “Barselona”sının argentinalı futbolçusu Lionel Messi və İtaliya “Yuventus”unun portuqaliyalı oyunçusu Kriştianu Ronaldo eyni xala malik olub. Amma Messi əlavə göstəricilərdə birinci yeri tutub. İlk “üçlüy”ü Fransa yığmasının sabiq üzvü Tyerri Anri qapayıb.

XXI əsrin 10 ən yaxşı futbolçusu

1. Lionel Messi – 100 xal
2. Kriştianu Ronaldo – 100
3. Tyerri Anri – 98
4. Luis Suares – 97
5. Zlatan İbrahimoviç – 97
6. Harri Keyn – 97
7. Məhəmməd Salah – 97
8. Neymar – 96
9. Robert Levandovski – 96
10. Radamel Falkao - 95

Futbol mütəxəssisləri siyahını fərqli istiqamətlərdən şərh edirlər. Sıralama ilə razılaşanlar və ya razılaşmayanlar demək olar ki, bərabərlik təşkil edirlər. 

Bu arada Azərbaycan futbolundan kiminsə nə zamansa belə siyahılarda adının yer alıb-almayacağı da müzakirələrə səbəb olub. 

Tanınmış idman yazarı Natiq Muxtarlı ölkəmizdə futbolçu yetişdirilmədiyini qeyd etdi: “Dünyada xeyli təşkilat, media qurumu var ki, zaman-zaman belə müəyyənləşdirmələr aparırlar. Bütün hallarda, belə müəyyənləşdirmə birmənalı qəbul edilməyəcək. Çünki futbolu da musiqiyə bənzətmək olar. Hər kəsin öz zövqünə uyğun musiqi və xanəndə olduğu kimi, hər kəsin də öz zövqünə uyğun sevimli futbol fəlsəfəsi və futbolçusu ola bilər. Bu məqamı nəzərə alsaq, bütün müqayisələr, müəyyənləşdirmələr subyektiv baxış sayılmalıdır. Üstəlik, söhbət XXI əsrdən gedirsə. Hələ əsrin 80 ili qarşıdadır. Gələcək illərdə necə futbolçuların yetişəcəyini kimsə proqnozlaşdıra bilməz. Pelenin oynadığı vaxtlarda “bir də belə futbolçu yetişməz” deyirdilər. Amma sonra Maradona gəldi. Eyni ifadəni onun haqda da dedilər. Ardınca Zidan, braziliyalı Ronaldo və daha sonra Messi, portuqaliyalı Ronaldo yetişdi. Sabah bizi hansı futbolçular gözləyir? Texnologiya sürətlə inkişaf edir. Texnologiya əsrində futbolun inkişafı da qaçılmazdır. Deməli, inkişaf etmiş futbol daha səviyyəli futbolçular yetişdirməlidir. Bu seçimi, olsa-olsa, son 20 ilin “ən yaxşıları” adlandıra bilərik. “Əsrin ən yaxşıları”ndan söhbət açmaq isə hələ tezdir. Azərbaycanlı futbolçuların belə siyahılara düşməsinə gəldikdə isə onu deyim ki, bunun üçün Azərbaycanda ilk növbədə futbolçu yetişdirilməlidir. Təəəsüf ki, bu gün bizim ölkədə futbolçu yetişdirilmir. Futbolçu yetişdirilsə, onda Azərbaycan da dünya futbolunun bir hissəsi olacaq. Yəni keyfiyyətli azərbaycanlı futbolçular Avropanın adlı-sanlı klublarının şərəfini qoruyacaqlar, özlərini bütün dünyada tanıdacaqlar. Onların da bütün dünyada pərəstişkarları olacaq. Ondan sonra azərbaycanlı futbolçuların da “ən yaxşılar” arasına düşmək şansı olacaq. Hələ ki, azərbaycanlı uşaqlar əyinlərinə kürəyində Messi, Ronaldo, Salah yazılmış formalar geyirlər. Əvvəlcə o formaların üzərinə azərbaycanlı futbolçuların adları yazılacaq. Sonra azərbaycanlı futbolçunun adı yazılmış forma Avropa, Asiya, Afrikadakı uşaqların geyindiyi formaların üzərində olacaq. Ondan sonra isə belə siyahılarda. Amma Azərbaycanda futbola belə yanaşma olduqca, futbolumuz belə idarəçilərin inhisarında qaldıqca, bütün bunlar utopiya sayılacaq”.

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyevisə deyir ki, bu, mübahisəli siyahıdır, çünki ən yaxşı oyunçunu yalnız qol və məhsuldar ötürmələrlə müəyyən etmirlər: “Bəs müdafiəçilər, qapıçılar, yarımmüdafiəçilər, ümumilikdə gözəl futbol nümayiş etdirən oyunçular necə olsun? Bu siyahının yalnız ilk iki pilləsi ilə razılaşa bilərəm. Messi və Ronaldo həqiqətən də ən yaxşılardılar. Amma bəs Zidan, Kaka, Ronaldinyo, Xavi, İnyesta, Cerrard və başqaları hanı? Futbol fizika və ya riyaziyyat deyil. Həm də oyundu və gözəllik də nəzərə alınmalıdı. Bir sözlə, belə siyahılar heç də həmişə reallığı tam əks etdirmir. O ki qaldı azərbaycanlılara, qısacası deyək ki, yaxın 30 ildə bu cədvəldə bizimkilərdən kiminsə adının görünməsi mümkün deyil. Arada böyük və çox dərin uçurum var”.

Musavat.com