Serbiyanın “Srvena Zvezda” klubu ölkə çempionatında ev oyunlarındakı ən uzun məğlubiyyətsizlik seriyasına görə dünya rekordunu qırıb.

Rekord.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, adıçəkilən komanda artıq 122 matçdır ki, evdə uduzmur.

Belqradlılar bununla İspaniyanın “Real” klubuna məxsus 121 oyunluq məğlubiyyətsizlik rekordunu yeniləyiblər. Maraqlıdır ki, sıralamada üçüncü yeri də “Srvena Zvezda” tutur. Serbiya təmsilçisi 1998-2004-cü illər aralığında çempionat çərçivəsində öz meydanında keçirdiyi 96 görüşdə uduzmamışdı.

Azərbaycanda bu baxımdan rekordçu “Neftçi”dir. “Ağ-qaralar” çempionatın ardıcıl 57 ev matçında rəqiblərinə məğlub olmayıb.