Evdə qalan AFFA və sinifdə qalan uşaq
- 2020-03-23 16:09
- 3052
Bəşəriyyət koronavirus adlı bəlayla üzləşib. Uzaq Çində başlayan bu virusun Azərbaycana qədər gələcəyinə, həyatımızın altını üstünə çevirəcəyinə inanmırdıq. Bir də gözümüzü açdıq ki, “taclı virus” Azərbaycanın sərhədinə çatıb, İranda hər gün neçə-neçə yoluxma, ölüm faktı qeydə alınır. Yenə də yuxudan oyanmadıq, məsələnin ciddiyyətini qəbul etmədik. Cənub zonasında yaşayanlar İranın sıravi vətəndaşların həyatında hansı rolu oynadığını yaxşı bilir. O tərəfin adamları üçün İrana gedib-gəlmək marketə yol ölçmək, bazara yollanmaq, özünü sahə həkiminə göstərmək kimi bir şeydi. Kimisi yağ almağa gedir, kimisi qab-qaşıq. Dərman almağa, dərdinə əlac axtarmağa gedənlər də öz yerində. Belədə virusun tezliklə ölkəmizə ayaq açacağı, öz qurbanlarını azərbaycanlılar arasında da axtaracağı gözlənilən idi.
Artıq gözlənilən baş verib. Bir tərəfdən İrandan, o biri tərəfdən də Avropanın çeşidli yerlərindən gələnlər özləri ilə adıbatmış virusu da gətiriblər. Az qala hər gün yeni yoluxma xəbərləri eşidirik, ilk qurbanımızı da vermişik. Novruz bayramını ürəyimiz istəyən şəkildə qeyd edə bilmədik. Məlum qadağa səbəbindən insanlar ata ocağına, dünyasını dəyişən yaxınlarının uyuduğu məzarlıqlara yollanmadılar. Təhsil ocaqları bağlanıb, toy və yas mərasimlərinin keçirilməsinə qadağa var, bütün idman yarışları təxirə salınıb, idman qurğularının qapısı qıfıllanıb. Evdən çıxmaq, dost-tanışla ünsiyyətdə olmaq belə təhlükəli işə çevrilib. Hər gün təlaşla yatıb, həyəcanla oyanırıq. Dua edirik ki, bəd xəbər eşitməyək, tanışlardan kiminsə virusa yoluxmasıyla bağlı məlumat almayaq.
Dövlətimiz bütün tədbirləri görüb, koronavirus adlı bəlaya qarşı bütün qüvvələr səfərbər olunub. Bütün bu addımlar da alqışlanır, vətəndaşlar müvafiq komissiyanın verdiyi bütün qərarları anlayışla qarşılayır, qadağalara maksimum əməl olunur. Artıq bu virusla mübarizə üçün fond da yaradılıb, həmin fonda maliyyə vəsaitlərinin cəlb edilməsi prosesi sürət götürüb. Ölkə başçısı cənab İlham Əliyevin səsinə hər yerdən səs verilir, ayrı-ayrı təşkilatlar koronavirusla mübarizə üçün yaradılan fonda pul bağışlayırlar. Cənab prezident bu fonda bir illik məvacibini köçürdü. Davamında dövlət təşkilatları, müxtəlif şirkətlər, banklar, ali məktəblər, sığortaçılar və sair təşəbbüsə qoşuldular. Hətta ayrı-ayrı fiziki şəxlər də prezidentimizin səsinə səs verib, öz şəxsi vəsaitlərindən koronavirusla mübarizə fonduna ianə veriblər. Məlum məsələdi ki, proses hələ davam edəcək, təşəbbüskarların, yardım verənlərın sayı artacaq. Belədə dövlətimiz uzaq Çindən ölkəmizə qədər gəlib çıxın virusla mübarizə üçün yetərincə vəsaitə sahib olacaq.
Bu yerdə nəzərlər AFFA-ya da çevrilir. Maşallah olsun, AFFA-nın pulunu balta kəsmir. Xarici mütəxəssislərin ayağının altına milyonlar səpilir, hər il 30 milyona yaxın neft pulu futbolun inkişafı adıyla xalqın boğazından kəsilir. Hələ hesabat konfranslarında sinələrini irəli verib, xərclərin gəlirdən az olduğunu, büdcədə 5-6 milyon manat artıq pulun qaldığını da deyirlər. Sonradan heç bilmirik ki, həmin pul hara xərclənir, kimin cibində qalır. Buyursunlar, “boz bina”da oturan ixtiyar sahibləri fədakarlıq etsinlər. Foqtsa, Prosineçkiyə, Lippertə, Yurçeviçə, Ştuxlikə xərclənən milyonlardan koronavirusla mübarizə fonduna da ayrılsın. Özünüzü evə qapayıb, sinifdə qalan uşaqlar kimi davranmayın. Səsiniz gəlsin!