“Gəncə”nin baş məşqçisi Halil Atlı "Lənkəran" ilə oyunla bağlı fikirlərini klubun mətbuat xidmətinə bölüşüb.


Rekord.az xəbər verir ki, o, komandasının qələbəsini belə şərh edib:


“Hər şeydən əvvəl komandamı təbrik edirəm. Çətin bir oyunda qalib gəldik. Məncə, meydançaya yetərincə konsentrasiyalı çıxa bilmədik. Son iki matçda cəza səbəbindən itkilərimiz var. Onların yoxluğunu hiss etmədən oynayırıq. Konsentrasiyamız düşdüyü anlarda bəsit xətalar buraxmağa başlayırıq. Rəqibi də apardığı mübarizəyə görə qeyd etmək lazımdır. Evdə qalib gəlmək çox önəmlidir. Oyunun son anlarında bütün bacarığını qoyan, vacib xallar qazanan Cordan Forbsa xüsusi təşəkkürümü çatdırıram. Bizi daha bir oyun gözləyir. İnşallah, həmin görüşdə də qalib gəlib bu mövsüm ilk hədəfimiz olan pley-off-a vəsiqə qazanmağa çalışacağıq. Bizi tribunadan dəstəkləyən azarkeşlərimizə də hər zaman olduğu kimi minnətdarıq".


Gəncə İdman Sarayında baş tutan "Gəncə" - "Lənkəran" matçı meydan sahiblərinin 96:92 hesablı qələbəsi ilə yekunlaşıb.