“Çətin bir uşaqlıq keçirmişəm. Bacı və qardaşlarımla küçədə yaşamaq asan deyildi. Parisdəydik, amma küçələrdə qalırdıq. Hətta bəzən yeməyə heç nə ala bilmirdim”.

Rekord.az xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra klubun rəsmi kanalına açıqlamasında deyib.

Uşaqlığından danışan fransalı müdafiəçi çox çətinliklərlə qarşılaşdığını bildirib: “Böyük qardaşım Dominike bir “fast food” şəbəkəsində işləyirdi. Günorta onun yanına gedirdim, öz yeməyini mənə verirdi. Mağazaların qarşısında pul dilənirdim. Bunu deməkdən utanmıram. Bəziləri pul verirdi, bəziləri yox. Sadəcə, bir sendviç almaq üçün bunu edirdim.

Çətin dövrlərim olub, amma xoşbəxtəm. Özümü həmişə şanslı hesab etmişəm. O anları yenidən yaşasaydım, heç nəyi dəyişdirməzdim. Çünki o çətinliklərlə bu xarakterə sahib olmuşam”.

Fransa millisinin sabiq kapitanı uşaqlıqda qatlaşdığı bu əziyyətlərin sayəsində həyatda güclü bir insan olduğunu da əlavə edib: “Bəzi insanlar sadəcə uğuru, televiziyadakı ulduzu görür. Ancaq mən küçələrdə çox şey öyrənərək güclənmişəm. Xüsusilə də dünya çempionatından sonra kapitanı olduğum Fransa millisindəki çıxışıma görə bir çox insan məni tənqid etdi, ancaq mən yenə güclü dayandım. Çünki küçələrdəki dönəmim daha çətin idi. Məyus deyiləm. Bunları danışdığım üçün kiminsə mənə sevgi bəsləməsini istəmirəm. Mən sadəcə, gerçək həyat hekəyəmi danışdım”.

Qeyd edək ki, 2004-2016-cı illərdə Fransa millisində çıxış edən Evra “Marsel”, “Monako”, “Yuventus” və “Vest Hem”d də oynayıb. O, ötən ilin yayında karyerasını bitirib.