“Əziz Şuşa”: İlk mərhələnin qalibi müəyyənləşdi
- 07 İyn 2023 16:15
- 352
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsinin qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, turnirin birinci gününün qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub. O, Bakının Səbail rayonundakı Veloparkdan 150 km məsafə qət edərək Şamaxıdakı finiş xəttinə hamıdan tez çatıb.
İtaliyalı velosipedçi Ansalone Emanuele ikinci, rumıniyalı Sergey Tveçkov isə üçüncü yeri tutub.
Yarışın ardından qaliblər fəxri kürsüyə çıxaraq mükafatlandırılıblar. Onlara medallarını Şamaxı icra başçısı Tahir Məmmədov təqdim edib.
Yarışın ikinci mərhələsi iyunun 8-də olacaq. Velosipedçilər Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.
Ayın 11-dək davam edəcək “Əziz Şuşa” beynəlxalq velosiped yarışında dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparır. Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.