Polşada qadın voleybolçuların çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının bu ölkədə çıxış edən üzvü Marqarita Əzizova növbəti qələbəsini qazanıb.

Hücumçumuzun şərəfini qoruduğu "Radomka" səfərdə "Bank Pacztowy" ilə üz-üzə gəlib. Görüş gərginliyi ilə yadda qalıb. Voleybolçumuzun komandası matça pis başlayıb və ardıcıl iki setdə uduzub. Lakin Rita və rəfiqələri sonradan təşəbbüsü ələ ala biliblər. "Radomka" növbəti üç hissədə qələbə qazanmaqla yekun nəticəni öz xeyrinə dəyişib - 3:2 (26:28, 17:25, 25:22, 25:13, 15:13).

Komandasının möhtəşəm geridönüşlə qələbə qazandığı oyunda millimizin üzvü 24 xal qazanıb. Bu göstərici ilə o, qarşılaşmanın ən yaxşı voleybolçusu (MVP) seçilib. Əzizova meydan sahiblərini 20 dəfə hücumda, 4 dəfə isə blokda məyus edib.