Azərbaycan Voleybol Federasiyasının (AVF) illik hesabatına həsr olunmuş mətbuat konfransında qadın voleybolçulardan ibarət millimizin baş məqşçisi postuna Faiq Qarayev təyin olunub. "Rekord.az" xəbər verir ki, təcrübəli mütəxəssis çıxış edərək ona göstərilən bu etimada görə Gənclər və İdman Nazirliyinə və AVF-yə təşəkkürünü bildirib.

Gələn il məşqçilik fəaliyyətinin 40-cı ilinin tamam olacağını deyən F.Qarayev qeyd edib ki, illər əvvəl milliyə gələrkən ona göstərilən etimadı hər zaman doğrultmağa çalışıb. Əməyinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini söyləyən F.Qarayev Ulu Öndər Heydər Əliyev və ölkə başçısı İlham Əliyev tərəfindən mükafatlara layiq görüldüyünü nəzərə çatdırıb. Qeyd edib ki, beynəlxalq arenada uğurlu çıxış edərək, nailiyyətlər qazanaraq bu mükafatların, etimadın qarşılığını verməyə çalışacaq. O, bu vəzifənin öhdəsindən isə təkbaşına deyil, birgə fəaliyyətlə gəlinə biləcəyini də əlavə edib.