“Mümkündür ki, bizimlə oyunda Azərbaycan millisi təzə olsun. Çünki onlar matça oyun keçirmədən çıxacaqlar. Biz isə belə meydanda çıxış etdik”.

Rekord.az xəbər verir ki, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç Podqoritsadakı "Qradski" stadionunda Latviya ilə 1:1 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib.

Bosniya və herseqovinalı mütəxəssis bildirib ki, meydanın ot örtüyünün oktyabrın 10-da Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının 3-cü tur oyununda da ürəkaçan olmayacağı gözlənilir. Lakin o, belə örtükdə oyun təcrübəsindən yararlanaraq, erkən qol vurmağa çalışacaqlarını diqqətə çatdırıb.

Hacibegiç növbəti qarşılaşmalara buraxacağı heyəti müəyyənləşdirdiyini və seçimində şübhə etmədiyini söyləsə də, COVID-19 testinin nəticəsini gözləməli olacaqlarını əlavə edib: "Testlərin cavabları çıxmayanadək qərar qəbul edə bilmərik. Vladimir Yovoviçdən koronavirusun çıxdığını eşidəndə şoka düşdüm və bundan çox qorxdum. Çox təəssüf edirəm. Onunla bağlı planlarım var idi, komandamızın vacib fiquru sayılırdı. Lakin biz problemlərə öyrəncəliyik və şikayətlənmək istəmirəm. Seçimimiz genişdir. Bu gün hamı milli komanda formasına düzgün yanaşma sərgilədi".

Qeyd edək ki, Monteneqro - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Oktyabrın 13-də isə Monteneqro Lüksemburqu qəbul edəcək.