"Fatı qalx, Fatı otur"
- 05 Mar 2020 16:00
- 1088
Arada ehtiyatla sözünü deyənlər də, "özümüzü niyə pis edək" təfəkkürü ilə yollarını davam edirlər. Sözü ekspertlər, jurnalistlər, azarkeşlər deməlidir. Əla, pakizə, mükəmməllik... Qazanan susanlar olsun, obyektivlik axtaran başqaları...
Olmur belə. Daha doğrusu, artıq belədir. Xarizması, iddiası qalmayan futbol inkişaf edəcək. Sürət, keyfiyyət artacaq, məğlub psixologiyadan əl çəkilib qələbə ruhu futbola qayıdacaq... Nağıllarda...
Heç kimi təhqir etməyə, kəskin etirazlara da gərək yoxdur. Futbol elmdir! Təhlillərə, qəti fikirlərin izahına, birtərəfli yox, müxtəlif mövqeli debatlara, dəqiq səbəblərin araşdırılmasına ehtiyac var...
Hələ ki, biganəlik göstərilən, ildən-ilə cılızlaşdırılan, elə təhqir olunan futbolun özüdür. Futbolu təhqir edənlər isə meydanlarda bacarmadıqları hücuma keçir, "təhqirə yol verilir" deyilir...
Diqqətli olanlar son turlardakı hakim idarəçiliklərindəki "aut oyunlarının" şahidi olurlar. Referilərin metrələri çatışmır, az qalırlar spreylə aut nöqtələrini işarələsinlər. Onsuz da tempin aşağı olduğu görüşlərdə "aut o tərəfə, aut, bu tərəfə" icadları ilə oyunlara əlavə "gözəllik" qatılır...
Daha öncəki dəqiqəbazlıq, 6 saniyəlik, indiki aut eksperimentləri uğurla həyata keçiriləndən sonra, yəqin növbəti "tapıntılara" start veriləcək. Artıq ofsaydlar, 11-lər, qolların sayılıb-sayılmaması önəmli deyil, əsas "bukvoyedlik"dir...
Bunun üçün stuxliklər ölkəyə gətirilib. Aldıqları "paçkalar" qarşılığında gördükləri işlər bunlardır. Dilimizə, mentalitetimizə hörmətsizlik, dillər əzbəri olan mənəviyyatsızlıq isə daha ağır mövzudur...
Belə yanaşma ilə hakimlər bildiklərini də meydanda unudurlar, taleyüklü qərarlar ikinci, üçüncü plana keçir, əsas, tələb olunan autların lazer metrəsi dəqiqliyi ilə yerindən atılmasıdır...
Təcrübəli hakimlərə qarşı saymamazlıq, gənclərə düzgün istiqamətin verilməməsi, hakimlik sirlərinin pedaqoji anlamda idarəçilərə yanlış yolla çatdırılması, referilərin, ümumilikdə briqadaların meydanda psixoloji tarazlığını pozur...
Kritik anlarda, qol epizodlarında hakim konsentrasiyası itir, beyin dərinliklərində fikirlər autların, dəqiqə, saniyələrin yanında qalır. Sonda da, hər zaman olduğu kimi, "hakim də insandır, səhv olub, yenə də olacaq" nağılları "avstriyski" gülüşlə millətə çatdırılır...
Əvvəllər dillər əzbəri olan "dahi" kəlamlar 3-5 min manata futbol ictimaiyyətinə sırınırdısa, indi qiyməti qalxıb, 15-20 min avroya beyinlərə yeridilir. Alp dağlarının suyu daha şirin, daha şəffafdır yəqin...
Klublardakılar da aut ata-ata "Bakı birinciliyi"nin bitməsini gözləyir. Çempion bəlli, "partiyaçılara" da nə fərqi... Deyilsə ki, indi də autu "dal-dala, böyür-böyürə qaça-qaça atın", cavab bir olacaq, "baş üstə"...
Azərbaycan futboluna heç nə verməyən əcnəbi sevgisi illərdi futbola belə qulluq edir. "Oyundan kənar" vəziyyətlər meydanlardan kənarda qeydə alınır artıq. Stuxliklərin, havadarlarının stullarının möhkəmliyi üçün...
Tahir Süleymanov