Türkiyə futbol millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim Azərbaycan millisinə rəhbərlik edə bilər. Xəbər verilir ki, 70 yaşlı mütəxəssis menecerlər vasitəsilə AFFA-ya təklif olunub. Qurum Terimin namizədliyini nəzərdən keçirir, ancaq qərar verməyə tələsmir. AFFA-nın baş katibi Sərxan Hacıyev daha əvvəl açıqlamasında milliyə Azərbaycan mentalitetinə uyğun məşqçi gətirmək istədiklərini bildirib. AFFA İcraiyyə Komitəsi bu posta namizədlə bağlı qərarı yerli və əcnəbi məşqçilərin siyahısını hazırladıqdan sonra verəcək.

Qeyd edək ki, Terim 2022-ci ilin yanvarından işsizdir. Mütəxəssis 1999/2000 mövsümündə “Qalatasaray”la UEFA Kubokunu qazanıb. O, “sarı-qırmızılar”la 8 dəfə Super Liqada, 3 dəfə Türkiyə kubokunda, 4 dəfə də Türkiyə Superkubokunda qalib olub. 1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə ölkəsinin millisinə rəhbərlik edən Fatih Terim İtaliyada “Milan” və “Fiorentina”da da işləyib. Bəs idman ictimaiyyəti bu xüsusda nə düşünür, Terim gəlsin-gəlməsin? (O halda o, ilk türkiyəli baş məşqçimiz olacaq). Gec deyilmi? Yəni yaşı...

Şahin Diniyev: Onlar milliyə lazım deyil

Şahin Diniyev: “Məşqçi nə qədər yaşlı olsa, bir o qədər təcrübəli olar”

“Səbael” futbol klubunun baş məşqçisi Şahin Diniyev yaş məsələsini problem görmür: “Çox maraqlı bir təklifdir. Türkiyə Azərbaycana qardaş bir dövlətdir. Mentalitet, dil, düşüncə baxımından çox oxşardırlar. Baş məşqçi postuna kimin gəlməsindən asılı olmayaraq, xeyirli olsun. Əsası millimizə düşərli olsun. Yaş məsələsinə gəlincə, deyə bilərəm ki, məşqçi nə qədər yaşlı olsa, bir o qədər təcrübəli olar. Bizim təcrübəli məşqçilərə ehtiyacımız çox böyükdür. O sarıdan yaş problem deyil. Sadəcə, istəklər planlarla üst-üstə düşsün”.

İdman mütəxəssisi Kənan Məstəliyev bu gəlişin reallaşması ilə ümumiyyətlə, razı deyil: “Azərbaycan milli komandasına əcnəbi, xüsusilə Türkiyədən məşqçi lazım deyil. Bəli, türkiyəlilər qardaşımız, ən yaxınlarımızdır, ancaq yenə də futbolumuz üçün əcnəbidirlər. Düzdür, xarici mütəxəssis gətirilsə də, bunun bir ziyanı olmaz. Amma Terim kimisi yox. Əvvəla, onun milli komandadakı fəaliyyətini birmənalı uğurlu saymaq olmaz. Bəli, Türkiyə yığmasının Avropa Çempionatının 2008-ci ildə keçirilən final mərhələsindəki əfsanəvi çıxışı hamımızın yadındadır. Ancaq ondan sonrakı proseslər, belə demək olarsa, "işləri korladı". Terimin dövründə düşərgədə böyük mükafat qalmaqalı yaşandı, onun özü adi kababçı ilə dava eləməsi, onu vurması ilə manşetlərə düşdü. O, dahi biridir, amma dövrü keçib. Bizə milli komandada problem lazım deyil. Üzrlü saysın, amma qalmaqal yaratma ehtimalı olan qoca birini təzəlikcə yola salmışıq, yenə eyni işə qol qoymayaq. Fatih Terimə sayğımız böyükdür, bura gəlib onu xərcləməsin. Həm də o burada uzun müddət qalmaya, layihəni yarımçıq qoyub gedə bilər. Məsələn, “Qalatasaray”dan çağırsalar. Əminəm ki, ilk belə çağırışdaca bir yolunu tapıb Vətəninə qayıdacaq. Ona görə də risk etməyək. Əslində bu xüsusiyyət bütün türkiyəli məşqçilərə aiddi. Onların hər biri ölkəsindəki təklifi bizim hətta millimizdən üstün tutur, tutacaqlar da. Üstəlik, heç bir türkiyəli mütəxəssisin öz ölkəsindən kənarda uğur qazanmadığını da qeyd etmək lazımdır. Onlar çox bacarıqlı olsaydılar, Avropadan ciddi təklifləri olardı. Xaricdən gələcək məşqçi müasir futbolu bilən, mentalitetimizə bələd, futbolumuzu qısa zamanda mənimsəyib nəticə çıxaracaq biri olmalıdır. Çempionatımızda belə biri var - Murad Musayev. Xarici olacaqsa, o olsun".

Kənan Məstəliyev: "Yeni Klublar Liqasına start veriləcək" - Ən son idman  xəbərləri

Kənan Məstəliyev: “Belə imici olan adamla hazırda bizim uzun yola çıxmağımız böyük səhv olardı”

K.Məstəliyev bir vacib məsələyə də toxundu: “Fatih Terimin hazırda "Fon qalmaqalı"nın əsas iştirakçısı olduğunu da unutmayaq. Ölkəsi hazırda bu hadisə ilə çalxalanır, Arda Turan, Muslera kimi ulduzlar da elə onun tövsiyəsi ilə bu “iş”ə qol qoyublar. Aləm əməllicə dəyib bir-birinə. Belə imici olan adamla hazırda bizim uzun yola çıxmağımız böyük səhv olardı".

Natiq Muxtarlı yazır: Avropanın səssiz işğalı - Onlar gəliblər

Natiq Muxtarlı: “Fatih Terim karyerasını bitirib nəvələri ilə oynayan yaşdadır”

Tanınmış idman yazarı Natiq Muxtarlı türkiyəli çalışdırıcının Azərbaycanda uğur qazanmaq şanslarını sıfır sayır: “Canni de Byazinin getdiyi bir həftə deyil, artıq Azərbaycan yığmasının baş məşqçi postuna namizədlərlə bağlı "oyun" başlayıb. AFFA rəhbərlərinə yaxın menecerlər artıq iş başındadırlar, müxtəlif mütəxəssisləri təqdim edirlər. Onlardan biri də Fatih Terimdir. Amma Azərbaycan ictimaiyyəti “yığmanın baş məşqçisi kim olsun” məsələsini müzakirə etməməlidir. Hədəf “yubanmadan uşaq futbolunda islahata başlamaq, infrastruktur qurmaq” olmalıdır. Ancaq görünür, AFFA rəhbərliyinin belə bir niyyəti yoxdur. Heç ictimaiyyət də bu məsələdə maraqlı deyil. Çoxları elə bilir ki, baş məşqçi dəyişikliyi ilə millidə nəticə olacaq. Qətiyyən belə deyil. Bu kadrlarla - futbolçularla nəticə əldə etmək mümkün deyil. Yığmanın nəticəsi o vaxt olacaq ki, milliyə dəvət alan futbolçular Avropada oynasınlar. Bizim futbolçular nəinki Avropada, heç Rusiya və Türkiyə çempionatlarında da oynamırlar. Biz əvvəlcə Avropada oynaya biləcək futbolçular yetişdirməli, sonra məşqçi axtarmalıyıq. Üzeyir Hacıbəylinin məşhur felyetonu yada düşür: Müsəlmanlar eşidirlər ki, əcnəbilər fil düzəldirlər. Deyirlər ki, biz də düzəldə bilərik. Amma ayağını hazırlayana qədər yorulurlar. Sonra deyirlər ki, gəlin öküz düzəldək. Onu da hazırlaya bilmirlər və beləcə, axırda siçan hazırlamağa başlayırlar. Siçan da hazır olanda bir pişik gəlib onu yeyir. İndi biz hələ siçan hazırlaya bilməmişik, amma deyirik ki, hansısa məşhur mütəxəssis gəlib Azərbaycan yığmasını böyük turnirlərin final mərhələsinə çıxarsın. Olmur futbolda belə şey. Futbol utopiya, xəyal deyil, peşəkar idarəçilikdir. Fatih Terim karyerasını bitirib nəvələri ilə oynayan yaşdadır. O, Azərbaycana havayı gəlməyəcək, inanın, Berti Foqtsdan da çox məvacib tələb edəcək. Özü ilə də 5-6 nəfər gətirəcək. Onlar da yüksək məvacib alacaqlar. 2-3 il ərzində türkiyəli mütəxəssislər də Azərbaycandan 10-15 milyon dollar çıxaracaqlar, amma nəticə olmayacaq. Uşaq futbolunda infrastruktur qurulmayacaq, yenə də köhnə hamam, köhnə tas olacaq. Futbolumuzun problemi məşqçilər deyil. Futbolumuzun problemi odur ki, bizdə futbolçu yoxdur. Bizdə ona görə futbolçu yoxdur ki, biz futbolçu yetişdirmirik, bu işlə məşğul olmuruq. Ya bu reallığı qəbul edəcəyik, işə başlayacağıq, ya da futbolun durumu elə həmişə belə olacaq. Xalqın sərvəti talanacaq, qazanan isə bir-iki “istedadlı dələduz” olacaq. AFFA rəhbərliyi Azərbaycan futbolunda növbəti “oyun”a başlayır. Bu dəfə cəmiyyəti “türk mütəxəssis”lə ovsunlamaq istəyirlər. Buna imkan vermək olmaz, Fatih Terim Azərbaycan futboluna zərrə qədər də töhfə verə bilməz. Bu birmənalıdır. Azərbaycan yığmasına məşqçi axtarılmamalıdır. Yerli məşqçilərdən birinə tapşırılmalıdır yığma, əcnəbilər üçün ayrılmış vəsait isə infrastrukturun qurulmasına yönəlməlidir. Hər şey bu qədər sadədir. Amma bu sadə həqiqəti AFFA-dakı korrupsionerlər görmək istəmirlər. Futbolumuzun bəlası oradadır - AFFA-da..."

elcin celilov(2).jpg

Elçin Cəlilov: “Yerli məşqçi potensialımızdan yararlanmaq daha məntiqli olar”

Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov isə birmənalı şəkildə yerli məşqçinin millimizə rəhbərliyə gətirilməsinin tərəfdarıdır: “Terim yox, ümumiyyətlə, türkiyəli məşqçiləri millimiz üçün uyğun hesab etmirəm. Düzdür, emosionallıq baxımından uyğunluq, faydalılıq ola bilər, ancaq bizə indiki etapda məşhur ad yox, milli komadalar üçün uğurlu sistem formalaşdıracaq mütəxəssis lazımdır. Hələlik yerli məşqçi potensialımızdan yararlanmaq daha məntiqli olar”.

"Yeni Müsavat!