"Turan Tovuz"un qapıçısı Kamal Bayramov "Kəpəz"ə 1:2-lik məğlubiyyətdən sonra Rekord.az-a müsahibə verib:

 

- Oyunla bağlı fikirləriniz...

- Oyun öncəsi çətinliklərimiz var idi, bir neçə futbolçumuz zədə səbəbindən heç Antalyada da normal hazırlıq keçə bilməmişdi. Xüsusilə Veysəl Rzayevi qeyd edərdim, hansı ki, demək olar kollektivlə birgə hazırlıq keçməmişdi. Amma bu məğlubiyyətə əsas vermir. Oyunun qırılma nöqtəsi qırmızı vərəqə epizodu oldu. Bəlkə də həmin qırmızı olmasaydı indi vəziyyət başqa cür olardı.

- Qırmızı vərəqə alan futbolçu Faiq Hacıyevlə oyundan sonra hər hansı söhbətiniz oldu?

- Futboldu, futbolda belə şeylər olur. O da istəməzdi qırmızı vərəqə alsın. Komandaya kömək etmək istəyirdi, elə alındı.

- Paltardəyişmə otağında ab-hava necə idi?

- Baş məşqçimiz bizimlə söhbət elədi. Fasilədən sonra ilk tur həmişə ağır olur, önümüzdə uzun marafon var və növbəti oyunlara hazırlaşmalıyıq. Bu psixologiya ilə burda qalıb sınmaq olmaz. 

- Şakir Seyidovun vurduğu zərbə yaxın küncdən qapıya daxil oldu. Həmin qolu necə şərh edərdin?

- Həmin qolda öz kobud səhvimi qeyd edərdim. Ümumiyyətlə, həm birinci, həm də ikinci qolda səhvim var idi. 

- 50-ci dəqiqədə "Kəpəz"in futbolçusu Vüsal Məsimov sizin futbolçuya qarşı çox kobud oynasa da, hakim ona qırmızı vərəqə göstərmədi. Artıq neçənci dəfədir ki, narazılığınıza səbəb olan bu cür epizodlar yaşanır...

- Hakimlərlə bağlı danışmaq istəmirəm. Çünki bu haqda çox danışmışıq. Elə götürək "Zirə" ilə oyunu. Həmin epizodu bir çox hakim qayda pozuntusu kimi qəbul etdi, eləcə də ölkədən kənarda tanıdığımız hakimlərə, mütəxəssislərə dəepizodu göndırdik, onlar da cərimə olduğunu bildirdi. Ona görə də faydası olmayan şey haqda çox danışmağa ehtiyac yoxdur.

 

Kənan MƏSTƏLİYEV, Qəbələ