Federasiya maliyyə problemi yaşayan klublarla bağlı məlumat yaydı
- 05 Dek 2023 12:00
- 281
Voleunolçu kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klublarının üzləşdiyi maliyyə problemi dava edir. "Rekord.az" xəbər verir ki, məsələ sosial şəbəkələrdə də geniş müzakirə obyektinə çevrilib. Bu müzakirələrdə Azərbaycan Voelybol Federasiyasının ünvanına da ittihamlar səslənir. AVF bu məsələ ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:
"Son günlər “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının maliyyə çətinliyi ilə bağlı məsələləri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmişdir.
Məsələ ilə əlaqədar Azərbaycan Voleybol Federasiyası bildirir ki, Azərbaycan Respublikasının milli çempionatlarında təmsil olunan komandalar maliyyə resurslarını özləri müəyyən edir və voleybolçularla müqavilələr bağlayaraq hazırlıq proseslərinə başlayırlar. Azərbaycan Voleybol Federasiyası müvafiq qaydada çempionatın keçirilməsi ilə bağlı mümkün maliyyə imkanları çərçivəsində komandalara dəstək göstərir.
Beləliklə, digər komandalar kimi “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları da göstərilən meyarlar əsasında “Yüksək Liqa”da çıxış etmək üçün Azərbaycan Voleybol Federasiyasına müraciət etmişdir. Əlavə olaraq, “Xarı Bülbül Şuşa” komandasının avrokubok oyunlarında iştirakı ilə əlaqədar yaranacaq xərclərlə bağlı “Xarıbülbül Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan Voleybol Federasiyası qarşısında öhdəlik götürmüş və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilmişdir.
“Yüksək Liqa” çempionatının və avrokubok yarışlarının gedişatında “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları maliyyə çətinliyi ilə əlaqədar Azərbaycan Voleybol Federasiyasına müraciət etmiş və federasiya öz növbəsində müvafiq köməkliyin göstərilməsi üçün klublardan oyunçularla müqavilə şərtləri haqqında məlumatlar istəmişdir. Sözügedən məlumatlar federasiyaya təqdim edilməsə də, hər iki komandanın bir aylıq əmək haqqları klubun hesabına köçürülmüşdür.
Azərbaycan Voleybol Federasiyası buna qədər də öz imkanları daxilində sözügedən klublara dəstək olmuşdur. Belə ki, “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının bütün mövsüm ərzində GİN-in Voleybol Mərkəzindən istifadəsi ilə bağlı bütün xərclərini (məşqlərin və oyunların keçirilməsi) öz üzərinə götürmüşdür. Eyni zamanda, federasiya “Xarı Bülbül Şuşa” komandasının xarici oyunçularının transfer xərclərini ödəmişdir.
Bu kimi halların baş verməməsi üçün federasiya tərəfindən klublara oyunçu transferini, texniki heyətini və təlim-məşq toplantıları ilə bağlı danışıqlarını büdcə təsdiq edildikdən, maliyyə mənbələri aydın olduqdan sonra başlamasını tövsiyə etmişdir.
Azərbaycan Voleybol Federasiyası qeyd edir ki, “Xarı Bülbül Şuşa” komandası bu mövsümə qədər öz imkanları ilə “Yüksək Liqa”da çıxış etmiş və federasiyadan heç bir köməklik istəməmişdir.
Azərbaycan Voleybol Federasiyası öz işini İdarə heyəti tərəfindən təsdiq edilmiş strateji fəaliyyət planı və son icra tarixləri müəyyən edilmiş tədbirlər planına uyğun həyata keçirir. Kişilər, eləcə də qadınlar arasında “Yüksək Liqa”da çıxış edən klubların sayının artırılması, uşaq voleybolunun inkişaf etdirilməsi baxımından regional voleybol klublarının yaradılması, aşağı yaş qrupları üzrə bir sıra beynəlxalq yarışlarda iştirak, çimərlik voleybolunun inkişafı və bu kimi digər vəzifələr cari mövsüm öncəsi Azərbaycan Voleybol Federasiyasının qarşısında duran prioritet vəzifələrdir".