Federasiya prezidenti yeniyetmə və gənclərin məşqində olub
- 22 Avq 2023 13:55
- 343
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov yeniyetmə və gənc voleybolçular üçün təşkil olunmuş məşq prosesinə baxış keçirib. "Rekord.az" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan və Şahin Çatmanın rəhbərlik etdiyi məşqlərdə bir neçə gün əvvəl yekunlaşmış "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"ndə fərqlənən 40-a yaxın uşaq iştirak edir.
Görüşdə Ş.Bağırova məşq prosesi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məşqlər müxtəlif proqramlar üzrə davam etdirilir. Federasiya rəhbəri uşaqların vəziyyəti və yaradılmış şəraitlə maraqlanıb. Onlara məşqlərə və dərslərə ciddi yanaşmalarını, professional voleybolçu olmaq, gələcəkdə ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etmək yolunda var gücləri ilə çalışmalarını tövsiyə edib.
Qeyd edək ki, yeniyetmə voleybolçular bir neçə ay ərzində ölkənin müxtəlif regionlarında keçirilmiş seleksiya məşqlərində müəyyən edilərək seçiliblər. Uşaq voleybolunun inkişafı istiqamətində tədbirlər çərçivəsində baş tutan belə seleksiya məşqləri və düşərgələr mütəmadi keçiriləcək. Bu seçimlərin və düşərgələrin təşkilində əsas məqsəd gənclərdən ibarət milli komandaların formalaşdırılması və beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.