Federasiyanın küsdürdüyü Azərbaycan çempionu Rusiyada fəhləlik edir MÜSAHİBƏ
- 19 Avq 2021 14:49
- 875
Tokio 2020 Yay Olimpiya Oyunlarından qazancımız 3 gümüş, 4 bürünc medal oldu. Bununla komandamız 205 ölkə arasında 67-ci yeri tutdu. Hətta müstəqil ölkə kimi qatıldığımız ilk Olimpiadadan - Atlanta 1996-dan da aşağı mövqedə qərarlaşdıq. Bir sözlə, 32-ci zirvə yarışı azərbaycanlı idman həvəskarlarının yaddaşında böyük məyusluqla qaldı.
Medallardan birini də ölkədə kifayət qədər zəngin ənənəsi olan boksda əldə etdik ki, "bürünc" milliləşdirilməsinə böyük pullar sərf olunan kubalı Loren Alfonso Dominqesin sayəsində hesabımıza yazıldı.
Digər kubalı Lorenzo Sotomayor isə ilk döyüşdəcə gürcüstanlı Əsgərxan Madiyevin qarşısında çarəsiz vəziyyətə düşdü.
Tez-tez yüngül həyat tərzi ilə gündəmə gələn Sotomayorun yararlılıq müddətinin bitməsi haqqında dəfələrlə yazmışdıq. Həmçinin onun iki il öncə Azərbaycan çempionatının finalında Elnur Süleymanova nokautla uduzmağına baxmayaraq, millidəki yerini itirmədiyini vurğulamışdıq. Bu amili saytımıza danışan azərbaycanlı boks mütəxəssisləri də zaman-zaman önə çəkiblər.
Ümumiyyətlə, yararsız legionerlər məsələsi Olimpiya Oyunlarından sonra gündəmdən düşmədi. Onların perspektivli idmançılarımızın yolunu kəsməsi ilə bağlı müxtəlif fikirlər səsləndirildi.
Rekord.az xəbər verir ki, fanat.az boks millimizin keçmiş üzvü Elnur Süleymanovla əlaqə saxlayıb. Məlum olub ki, dəfələrlə Azərbaycan çempionu olan dəri əlcək ustası Rusiyada fəhləlik edir.
- Azərbaycan yığmasından uzaqlaşmağınızın səbəbini öz dilinizdən eşidək.
- 2019-cu ildə respublika çempionatının finalında Lorenzo Sotomayoru nokautla udduqdan sonra Minsdəki 2-ci Avropa Oyunlarına kimin gedəcəyini müəyyənləşdirmək üçün bizi təzədən "Böyük İpək Yolu" turnirində sınaqdan keçirdilər. Hər ikimiz erkən mərhələlərdə uduzduq. Lorenzo yerli boksçunu udduqdan sonra heç kimin tanımadığı iraqlıya yenilmişdi, mən isə ilk iki raund ərzində üstün olduğum qarşılaşmada talesizlikdən - alnımdan qan açılması səbəbindən Gürcüstan boksçusuna məğlub oldum. Həmin yarışda federasiyadan bizə qarşı fərqli münasibət əvvəlcədən özünü göstərmişdi. Onunla müqayisədə mən daha çətin yarımqrupdaydım. Olimpiya mükafatçısı olmuşdu deyə, istəyirdilər bütün əsas yarışlara o getsin. Hətta eşitdiyimə görə, mənimlə final döyüşündən əvvəl komandamızın məşqçiləri ona deyibmiş ki, narahat olma, nəticədən asılı olmayaraq səni aparacağıq, sən sadəcə, çıx ayaq üstdə qal.
Son nəticədə, Belarusa Sotomayorun gedəcəyi açıqlandı. Olanlara dözə bilməzdim. Üç-dörd gün sonra hər şeyi atıb ailəmin yanına gəldim.
- Federasiya dedikdə, konkret kimi və ya kimləri nəzərdə tutursunuz?
- Konkret ad çəkə bilməyəcəyəm. Sadəcə, bildiyim odur ki, hamı Sotomayorun tərəfində idi.
- Sotomayorun sadəcə Olimpiya mükafatçısı olduğuna görə önə çəkildiyini düşünürsünüz, yoxsa digər maraqlar da var idi?
- Açığı, digər məsələləri bilmirəm. Yəqin ki, yaradılan şərait Olimpiya medalçısı olduğuna görə idi. Amma bu adam 64 kiloqram çəki dərəcəsində Olimpiya mükafatı qazanıb, 69 kq-da hansı yarışa gedibsə, uduzub. Allaha qurban olum, Avropa Oyunlarında nokauta düşdü, Tokioda da ilk görüşdən biabır oldu.
- Bəs indi nə işlə məşğul olursunuz?
- Tikintidə fəhlə kimi çalışıram. Arada əlacsızlıqdan pul mükafatı nəzərdə tutulan açıq yumruq döyüşlərinə çıxıram. Bir-iki dəfə də peşəkar boks döyüşünə qatılmışam. Debütümdə ermənini məğlub etmişdim.
- Açıq yumruq döyüşlərinə görə nə qədər pul verilir?
- Qalibə 40 000, məğlub olana isə 20 000 rubl.
- Bəs Azərbaycanda aylıq qazancınız nə qədər idi?
- Aylıq min manat federasiyadan alırdım, 300 manat da təmsil etdiyim klubdan verilirdi.
- Burdakı karyeranızı atıb getdiyinizə görə peşmanlıq hiss edirsiniz?
- Nə yalan deyim, bəzən hiss edirəm. Düşünürəm ki, bir az emosional qərar vermişəm. Ancaq məni də başa düşmək lazımdır, o ərəfədə çox həvəsli idim. Özümü hər cəhətdən böyük yarışlara hazır hiss edirdim. Belə bir durumda haqsızlıq mənə çox pis təsir elədi. Açığı, orada arxamda duran adam da yox idi. Amma digər boksçuların imkanlı, sözü keçən yaxınları var idi. Digərlərinə minimal fərq sərf edəndə, mən məcbur idim ki, görüşlərimin hamısını tam üstünlüklə bitirim, kiməsə seçim yeri buraxmayım. Görəndə ki, nokautla udduqda da bir nəticə hasil olmur, səbrim tükəndi. Üstəlik, tək yaşayırdım, hər çətinliyə qatlaşırdım ki, nəhayət, Avropa, dünya çempionatlarına aparsınlar, gedim bayrağımızı dalğalandırım, himnimizi səsləndirim. Pul mənim gözümdə ikinci dərəcəli olub.
- Yığmaya dönməyinizlə bağlı təklif olsa, nəzərdən keçirərsiniz?
- Bəli. Yaxınlarda Olimpiya mükafatçımız Vüqar Ələkbərov əlaqə saxlamışdı. Dedi, gəl, şərait yaradaq, sparrinqlərdə iştirak elə, bəlkə, dünya çempionatına apararlar. Amma açıq yumruq döyüşlərinin birində qabırğamdan ağır zədə almışam. İndi bu barədə düşünə bilmirəm. Qarşıda imkan yaratsalar, gəlib ölkə çempionatında döyüşmək istəyərəm.
- Əvvəlki formanızı bərpa etmək çətin olmayacaq?
- Məncə, yox. Burda ağır döyüşlər keçirmişəm. İndi həvəskar boks nəzərimdə daha asandır.