"Qəbələ"nin futbolçusu Rövlan Muradov sportal.az saytına müsahibə verib. Bölgə klubunun aparıcı üzvü komandasının avrokuboklardakı şanslarını da dəyərləndirib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 



- Hazırlıqlarınız necə gedir? Sosial şəbəkələrdəki videolardan göründüyü qədərilə kollektivdəki əhval-ruhiyyə yüksəkdi...
Bəli, hazırlıqlar başlayıb. Şükür Allaha hər şey qaydasındadı. Əhval-ruhiyyə də yüksək səviyyədədi. Yeni mövsümə hazırlaşırıq. 

- Demək olar ki, ötən mövsümkü heyətiniz qorunub-saxlanılıb. Yalnız Ferran Torres və Stefan Vuçkeviçin komandada qalıb-qalmayacağı dəqiqləşməyib. Hər halda əksər futbolçuların komandada qalması sizin üçün sevindiricidi?
Təbii ki, heyətin qorunub-saxlanılması komandamız üçün vacibdi. Çünki oyunçular bir-birinə öyrəşib. Biz ailə kimiyik. Ona görə də heyətin qorunub-saxlanılması sevindirici haldı. 

- Komandanın yeni transferlərindən biri də Felipe Santosdu. Onu "Şamaxı"dan tanıyırsan. Bəyəndiyin futbolçudu?
- Bəli, Felipeni tanıyıram. Təbii ki, Felipe bəyəndiyim futbolçulardandı. Ümidvaram ki, o, gücümüzə güc qatacaq.

- "Qəbələ" Konfrans Liqasında "Fehervar"la qarşılaşacaq. Səncə, püşkatmada bəxtiniz gətirdi, yoxsa daha zəif rəqiblə qarşılaşacağınızı ehtimal edirdin?
Avrokuboklarda zəif komanda olmur. Yəni, bu turnirə zəif komandalar vəsiqə qazanmır, öz ölkəsinin ən yaxşı avrokuboklarda çıxış edir. "Fehervar"la ağır matçlara hazırlaşacağıq, oyunlara yaxşı köklənəcəyik. Çünki hər iki görüşümüz çətin alınacaq.

- Ümumiyyətlə, "Fehervar" barədə məlumatın var? Macarıstan klubunu keçməyə qadirsiz?
Bəli, "Fehervar"ın oyunlarına baxmışam. Yaxşı, keyfiyyətli oyunçuları var. Xüsusilə də 11 nömrəli futbolçularını qeyd edərdim (Loiq Neqonu nəzərdə tutur). Ümid edirəm ki, "Fehervar"la matçlarda sevinən tərəf biz olarıq. 

- Ötən mövsümü yaxşı səviyyədə keçirdiyinə görə düşünmək olar ki, yayda klubunu dəyişəsən. Maraqlıdı, təkliflərin var idi və niyə "Qəbələ"də qalmağa qərar verdin?
​- 
Bəli, təkliflərim var idi. Amma "Qəbələ"də qalmağı üstün tutdum. Həm də bu klubla müqaviləm var idi. Yeni mövsümdən də komandanın uğuru üçün əlimdən gələni edəcəm.