Türkiyə Cümhuriyyətinin yaradılmasının yüzillik yubileyinin qeyd olunacağı 2022/23 mövsümünə çox ciddi hazırlaşan, 8 illik çempionluq həsrətinə son qoymaq istəyən, Jorje Jezuşu baş məşqçi postuna gətirən, eləcə də artıq iki önəmli transfer həyata keçirən ''Fənərbaxça'' ilə bağlı xəbərlər var.

Satışa buraxılan mövsümlük abunə biletə maraq o qədər böyük oldu ki, yeni rekord qeydə alındı. Əvvəlcə iyunun 8-15-i aralığında ötən mövsüm abunə biletə sahib olanlar üçün xüsusi endirimli şərtlərlə yeni biletlər satışa buraxıldı. Daha sonra iyunun 17-də klubun rəsmi üzvləri, eləcə də idarə heyətinin üzvləri üçün biletlər satıldı. İyunun 18-də isə növbə sıravi azarkeşlərə çatdı. Qeyd edək ki, fanatlar abunə biletlərə sahib çıxmaq üçün bütün gecəni satış məntəqələrində keçirdilər. Nəticədə səhər saat 9-da həmin məntəqələrdə izdiham yaşandı. Ən ucuzu 2950 lirə (təxminən 290 manat), ən bahası 21750 lirə (təxminən 2134 manat) olan biletlər satışa buraxılandan cəmi 3 saat sonra tükəndi! Klub rəsmi saytdan fanatlara minnətdarlığını bildirdi. Beləliklə, 50530 azarkeş tutumuna malik olan ''Ülkər'' stadionunda 2022/23 mövsümü üçün ümumilikdə satışa buraxılan 35 mindən çox abunə bilet artıq tükənib. İstanbul nəhəngi bu satışdan rekord məbləğdə - 25 milyon avro gəlir götürdü!

Bu arada İstanbul nəhənginin hazırlıq dönəmi ilə bağlı bəzi detallar da ortaya çıxıb. Hələ ki ''Can Bartu'' bazasında məşqlərini davam etdirən komanda daha sonra bi müddət Topuk Yaylasında hazırlıq keçəcək. ''Sarı-lacivərdlilər'' daha sonra Avstriyaya toplanışa yollanacaqlar. Bu ölkədə baş tutacaq toplanışın dəqiq tarixi bəlli olmasa da, ''Fənər''in Avstriyada keçirəcəyi ilk yoxlama oyunlarının tarixi bəllidi. Komanda iyulun 2-də adı açıqlanmayan Serbiya klubu ilə qarşılaşacaq. İyulun 6-da isə rəqib Yunanıstan təmsilçisi olacaq. Həmin klubun da adı hələ ki bəlli deyil.

Yeri gəlmişkən, hələ də əsas komandadan ayrı olan və yeni mövsümün hazırlığında iştirak etməyən Məsut Özildən də xəbər var. Əslində dünyaca ünlü yarımmüdafiəçi Jezuşun təyinatından sonra vəziyyətin dəyişəcəyinə ümid edirdi. Amma portuqaliyalının da onunla bağlı qərarı qüvvədə saxlaması dünya çempionunu şoka saldı. Komanda tam sürətlə hazırlığı davam etdirdiyi bir vaxtda Məsutun Almaniyada toyda olduğu üzə çıxıb. Belə ki, srağagün o, bacısının toyunda iştirak edib. Onun toyda musiqi sədaları altında əl qaldırıb oynamasının görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub. Fanatların bir çoxunun ''kaş ki meydanda da belə oynayaydı'' yazması diqqəti çəkib. Bundan başqa, Özillə bağlı ən maraqlı xəbər ondan ibarətdi ki, 33 yaşlı futbolçu ''instaqram'' və ''tvitter''də ''Fənərbaxça''nın rəsmi səhifəsini təqibdən çıxarıb! Amma Məsut bu sosial şəbəkələrdə komanda yoldaşlarını, eləcə də ''Fənərbaxça Beko'' və ''Fenerium'' kimi klubun rəsmi səhifələrini izləməkdə davam edir. Bu mövsüm dünyaca ünlü futbolçunun aqibətinin necə olacağı həqiqətən də maraq doğurur. Meneceri Ərkut Söğütün son açıqlamasından belə qənaətə gəlmək olar ki, Özil bundan sonra başqa klubun şərəfini qorumayacaq. O ya fərdi məşq edərək rəhbərlik tərəfindən əfv edilməsini gözləyəcək, ya da karyerasını bitirərək çox maraq göstərdiyi kiberidman sahəsinə atılacaq. ("Futbol plus")