Türkiyənin “Fənərbaxça” klubu daha iki futbolçu ilə vidalaşıb.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi legionerlər Dieqo Perotti və Zanka ləqəbli Matias Yorgensenlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Zanka 2019-cu ildən “Fənərbaxça”da idi. Qambiya əsilli danimarkalı müdafiəçi İstanbul təmsilçisində əsas heyət oyunçusuna çevrilə bilmədiyi üçün əvvəlcə Almaniyanın “Fortuna” (Düsseldorf), ötən mövsüm isə Danimarkanın “Kopenhagen” klubuna icarəyə verilmişdi. Danimarka millisində 35 oyun keçirmiş futbolçu, əvvəllər PSV və “Haddersfild Taun” klublarının da formasını geyinib.

Dieqo Perotti isə ötən mövsümün əvvəlində İtaliyanın “Roma” klubundan “Fənərbaxça”ya transfer edilmişdi. Argentinalı futbolçu İstanbul təmsilçisində cəmi 4 oyuna çıxıb, 3 qol vurub. O, əvvəllər “Deportivo” (Moron), “Sevilya”, “Boka Xuniors”, “Cenoa” klublarında da çıxış edib.