"Əvvəlcədən məlumat vermişdim ki, İcraiyyə Komitəsinin iclasında iştirak edə bilməyəcəm. Amma müzakirələrin nədən getdiyindən xəbərim var idi".

Rekord.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin (İK) son iclasında qəbul olunan qərarlar barədə danışarkən deyib.

Olimpiya və ikiqat dünya çempionu bildirib ki, videokonfrans formatında təşkil olunan yığıncağa Yardımlı İdman Kompleksinin açılışında iştirakı səbəbindən qatıla bilməyib. Lakin o, məsələ ilə bağlı mövqeyini çatdırdığını söyləyib:

"AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla müzakirə apardım. Dedim ki, bugünkü vəziyyətdə əsas məsələ insanların sağlamlığıdır. İclasda iştirak etsəydim, yəqin ki, çempionatın davamının əleyhinə səs verənlərin içində olardım.

Çünki mövsüm nə qədər tez dayansaydı, bir o qədər yaxşı idi. Özünüz də gördünüz ki, növbəti gün açıq havada idman yarışlarının dayandırılması ilə bağlı qərar qəbul olundu".

F.Mansurovun sözlərinə görə, ölkə idman baxımından çox geri düşsə də, insanların sağlamlığı daha önəmlidir: "Oyun bitəndən sonra futbolçuların hərəsi bir ailəyə, evə gedir. Orada böyük var, kiçik var. Əsas bu nüansları düşünmək lazımdır.

İstənilən halda çempionatın davam etdirilməsi təhlükəli idi. Hətta oyunlar qapalı məkanda keçirilsə belə, futbolda təmas çox olur. Allah eləməsin, oyunçuların birində virus aşkarlansaydı, bütün komandaya yayılacaqdı. Premyer Liqanı virus mənbəyinə çevirə bilərdik" (report).

AFFA İK iyunun 21-də bərpası nəzərdə tutulan Azərbaycan Premyer Liqasında, həmçinin ölkə kubokunda cari mövsümün dayandırılmasına iki gün öncə qərar verib. İK "Qarabağ"ı çempion elan edib, "Neftçi" gümüş, "Keşlə" isə bürünc medallara sahib çıxıb.