Fərid Qayıbov Azərbaycanın “dəmir qadını” ilə görüşdü
- 15 Apr 2022 15:15
- 469
Aprelin 14-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın ilk “dəmir qadını” adını qazanmış Rəbiyyə Orucovanı qəbul edib.
Rekord.az xəbər verir ki, Rəbiyyə Cənubi Afrikanın Port Elizabet şəhərində keçirilən “Isuzu Ironman” turnirində uğurla çıxış edərək “Ironman” titulunu qazanıb.
“Triterra Baku Triatlon Klubu”nun nümayəndəsi olan Rəbiyyə 3,8 km üzgüçülük, 180 km velosiped, 42 km qaçış da daxil olmaqla, tam “dəmir məsafəni” 12 saat 18 dəqiqə 21 saniyəyə qət edib.
İdmançımız yarışın velosiped mərhələsində qəzaya uğrasa da, əsl iradə nümayiş etdirərək mübarizəni davam etdirib və finişə çatıb. Rəbiyyənin çıxışı ilə maraqlanan nazir, onu uğuru münasibətilə təbrik edib və yeni qələbələr arzulayıb.
Öz növbəsində, Rəbiyyə Orucova ölkəmizdə idmançılar üçün yaradılmış şəraitə, kütləviliyin diqqət mərkəzində saxlanılmasına görə dövlətimizin başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.