Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində ölkəmizi nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Rekord.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan İdman Akademiyasının akt zalında keçirilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Ardınca nazir Fərid Qayıbov XVII Yay Paralimpiya Oyunlarında yüksək nailiyyətlərə görə dövlətimizin başçısı tərəfindən təltif edilmiş paralimpiyaçılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli "Vətənə xidmətə görə", 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli “Əmək” ordenləri və "Tərəqqi" medallarını təqdim edib.

Sonra Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda nailiyyət qazanan idmançıları təbrik edərək ötən ayın yeniliklərlə, tarixi ilklərlə zəngin ay olduğunu qeyd edib və idmançılara yeni uğurlar arzulayıb. Yarışlarda idmançıların qələbələrini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə akrobatika gimnastikası, aerobika gimnastikası, atletika, bilyard, bədii gimnastika, cüdo, kamandan oxatma, aba, alış, qazaq güləşi, sumo, parataekvondo, paraüzgüçülük, paraatletika, paracüdo, parabadminton, karate, kikboksinq, taekvondo, yunan-Roma güləşi, qadın güləşi, sərbəst güləş, çimərlik güləşi, savat idman növləri üzrə idmançılar çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.