"Red Bull" komandasından olan niderlandlı Maks Ferstappen ardıcıl üçüncü dəfə Formula 1 dünya çempionatının qalibi olub.

Rekord.az xəbər verir ki, o, Qətər qran-prisində sprint yarışında komanda yoldaşı meksikalı Serxio Peresin qəza keçirməsi nəticəsində 2023-cü ildə vaxtından əvvəl çempionluğu qazana bilib.

Bundan əvvəl 26 yaşlı Ferstappen 2021 və 2022-ci illərdə Formula 1 yarışında qələbə qazanıb.

Ferstappen Formula 1-də üçüncü dəfə çempion olan 11-ci pilot kimi tarixə düşüb. Daha əvvəl 10 sürücü bu rəqəmə çatıb.

Bunlar argentinalı Xuan Manuel Fanxio, avstraliyalı Cek Brabham, britaniyalılar Ceki Stüartla Luis Hamilton, avstriyalı Niki Lauda, braziliyalılar Nelson Pike, Airton Senna, fransız Alen Prost və almanlar Mixael Şumaxerlə Sebastyan Fetteldir.

Onların bəziləri daha çox titul əldə ediblər.

Bundan əlavə, 26 yaşlı Ferstappen Sebastyan Fetteldən (25 yaş) sonra üç dəfə çempionluq sevinci yaşayan ən gənc ikinci pilotdur.