Səfərfə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edən "Neftçi"nin futbolçusu Filip Ozobiç Rekord.az saytına müsahibə verib:


- Bu gün qələbə qazandınız və sən də fərqlənərək qollarının sayını 7-ə yüksəltdin.  Bombardir olmaq kimi bir hədəfin yoxdur?

- Bəli, qol vurdum, amma əsas olan komandanın qələbəsi idi və istəyirik ki, bunu davam etdirək.

- Qoldan əlavə, həm də ilk qol zamanı penalti qazandın...

- Elədir, mənə qarşı qayda pozuntusu oldu və nə yaxşı ki, penaltini də dəqiq yerinə yetirdik.

- Bu qələbədən sonra 5-ci pillədə olan "Sabah"la xal fərqiniz 1-ə endi. 4-cü pillədəki "Turan Tovuz"la isə fərqi 9 xala endirdiniz. Qarşıdan isə "Sabah"la çətin kubok matçınız da var...

- Hazırda bütün fikirimiz "Zirə" ilə növbəti tur çempionat matçına yönəlib. Rəqib hazırda yaxşı formadadır, bizim üçün çətin oyun olacaq, amma hədəfimiz həmin oyundan da qələbə ilə ayrılmaqdı.

- "Zirə"nin ardından da "Qarabağ"la oyununuz var...

- Bəli, daha bir çətin oyun bizi gözləyir. Hazırda deyərdim ki, bütün oyunlar çətin keçir.

- Yenidən Azərbaycan millisinə çağırılmaq perspektivi görürsən?

- Bu haqda bir söz deyə bilmərəm, bu məsələdə qərarı baş məşqçi verir, bizim üzərimizə düşən oynamaqdı.

- Artıq 34 yaşın var. Oynamağa hələ də güc hiss edirsən?

- Özümü çox yaxşı hiss edirəm. Əsas olan odur ki, zədələr olmasın. 

- Daha neçə il oynaya bilərsən?

- Onu deyə bilmərəm, amma özümü yaxşı hiss etdiyim müddətdə oynayacam.

- "Neftçi" ilə müqavilən nə zaman bitir?

- Mövsümün sonunda.

- Yeni müqavilə təklif olunmayıb?

- Hələ ki, bu barədə söhbətimiz olmayıb. Hələ vaxt var, hazırda mövsüm davam edir və mən də fikirimi növbəti oyuna yönəltmişəm. 

- Hazırda yerli statuslu futbolçu sayılırsan. Növbəti mövsümdən  isə legioner limiti ləğv olunur. Bəlkə daha rahat oynamaq üçün Azərbaycan pasportundan imtina edəsən?

- (gülür) Yox belə bir fikirim yoxdur. Düşünürəm ki, bu məsələdə hər şey futbolçunun keyfyyətindən asılı olacaq. Güclü olan istənilən halda oynayacaq.


Anar XANLAROV