"Final oyunu bəlkə də, karyeramda ən yaxşı oyunum idi"
- 14 Fev 2020 20:52
- 1248
Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vasas” klubunun heyətində ölkə kubokunu qazanıb. Onun formasını geyindiyi komanda finalda “Fatum"u 3:1 (27:25, 25:17, 24:26, 28:26) hesabı ilə məğlub edib.
Yığmamızın kapitanı qələbə sevincini Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti ilə bölüşüb: “Mövsüm mənim və komandam üçün çox ağır keçir. Oyunlarımızın sayı çoxdur. Bildiyiniz kimi, ölkə çempionatı ilə bərabər Çempionlar Liqası (artıq bitib) və kubok oyunları da çıxış edirdik. Dünənki qarşılaşma mövsümdə 31-ci matçımız idi. Keçən il biz ölkə kubokunda üçüncü yerin sahibi olmuşduq. “Vasas”la bu mövsüm üçün müqavilə imzalayarkən özümə söz vermişdim ki, bu il kuboku qazanacam. Şükürlər olsun ki, istəyimi həyata keçirə bildim. Dünənki final oyunu bəlkə də karyeramın ən yaxşı oyunu oldu. Hazırda çempionat davam edir. Turnir cədvəlinin üçüncü pilləsindəyik. Məqsədimiz isə çempion olmaqdır”.