“Finalda çox ciddi rəqibə qarşı oynayacağıq” - Qurban Qurbanov
- 01 İyn 2024 17:00
- 179
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun "Zirə" ilə final matçından öncə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu gün keçirilən mətbuat konfransında "Zirə"yə qarşı oyunun asan olmayacağını söyləyib:
“Finalda çox ciddi rəqibə qarşı oynayacağıq. "Zirə" çempionatın ikinci komandasıdır. Onlara qarşı oynamaq həmişə çətindir. Oyuna pis hazırlaşmamışıq. Penaltilər seriyasına isə psixoloji hazırlaşmaq lazımdır. Ümumiyyətlə, final oyunlarına fərqli yanaşıram. Amma çempionatın sonunda futbolçuların fiziki formalarını qorumasını tələb etmək düzgün deyil".
Baş məşqçi qapıda Andrey Lunyova şans verəcəyini bildirib: "Qapıda üstünlüyü Lunyova verməyi düşünürəm. Amma bu gün üçün bununla bağlı qəti heç nə deyə bilmərəm".
Qurbanov Çempionlar Liqasının "Real" və Dortmund "Borussiya"sı arasında bu gün keçiriləcək final matçı barədə fikirlərini də bölüşüb: "Axşamkı oyunda layiq olan qalib gəlsin. İstərdim ki, "Real" qələbə qazansın. Belə olan halda futbolçularımız əlavə bir neçə gün də istirahət edə biləcəklər".
Final matçı iyunun 2-də, saat 20.00-da "Liv Bona Dea Arena"da keçiriləcək.