“Finalda qələbə qazanacağıma əmin idim”
- 31 İyl 2022 19:00
- 521
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə U-17 dünya çempionatında 2 medal qazanan qızlardan ibarət Azərbaycan millisi vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanı Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər və idmançıların ailə üzvləri qarşılayıb.
Həsrət Məmmədyarov, böyük məşqçi: “Nəticəni məqbul sayıram. Gələcəkdə heyətimiz geniş olsa, bundan da yaxşı nəticə göstərə bilərik. Növbəti yarışlarda komandamıza uğurlar arzulayıram. Dünya çempionatında Yaponiya və Hindistan kimi güclü ölkələrin təmsilçiləriylə eyni səbətdə yer alanda medal qazanmaq şansın az olur. Ancaq idman xoşbəxtliyi tərəfimizdə olsaydı, medallarımız daha çox ola bilərdi. Sonuncu dəfə 2017-ci ildə dünya çempionumuz olmuşdu. Şəhanə Nəzərova qızıl medal qazanmışdı. İnşallah, bundan sonra bu çempionluqların davamı gələr”.
Ruzanna Məmmədova, dünya çempionu: “Dünya çempionatına kəmər qazanmaq üçün yollanmışdım. Finala qədər 4 görüş keçirdim. Hamısında rahat qələbə qazandım. Mənim üçün ən maraqlı qarşılaşma final görüşü idi. Həlledici görüşdə Yaponiya güləşçisiylə qarşılaşdım. Əslində rəqibin hansı ölkədən olması önəmli deyil. Önəmli olan sənin qarşına qoyduğun məqsəddir. Yaponiya güləşçisinin finaladək bütün görüşlərini vaxtından əvvəl qələbəylə başa vurması məni həyəcanlandırmırdı. Çünki qələbə qazanacağıma əmin idim. Ötən il dünya çempionatında gümüş medal qazanmışdım. Bir addımlığında kəməri itirmişdim. Bu dəfə sırf kəməri əldə etmək üçün yollanmışdım. Ona görə də rəqibimin kimliyi, hansı güləşçiyə hansı hesabla qalib gəlməsi mənim üçün maraqlı deyildi. Finala psixoloji cəhətdən yaxşı hazırlaşdığım üçün nəticə istədiyim kimi oldu”.
Elvina Kərimzadə, dünya üçüncüsü: “İtaliyaya dünya çempionu olmaq üçün yollanmışdım. Ancaq qismət olmadı. Şükürlər olsun ki, medalsız qalmadım. Gələcək yarışlarda çempion olmağa çalışacağam”.