Finlandiyada yazılan tarix: "Alim Qasımov məni qucaqlayıb dedi ki, sən mənimlə yox, mən səninlə şəkil çəkdirməliyəm"
- 06 Noy 2023 13:00
- 2195
Rekord.az sizi 21 il əvvələ - düz 1996-cı ilə aparacaq. Həmin il Azərbaycan futbolunun tarixinə düşəcək bir oyun olmuşdu. “Qarabağ”ın iştirakı ilə. Ancaq bu haqda bir qədər sonra. Tələsməyin. Öncə bir qədər əvvəldən boylanaq.
“Neftçi” öncə ağlatdı, sonra güldürdü
1995-96-cı il futbol mövsümü “Qarabağ” üçün uğurlu olmadı. Halbuki Ağdam klub mövsümə iddialı başlamışdı və kifayət qədər güclü heyət formalaşdırmışdı. Ancaq rəqiblər də güclü idi: “Neftçi”, “Kəpəz”, “Turan”, “Xəzri”. Həmin mövüm AFFA birdən-birə iki yeniliyə imza atmışdı. İlk növbədə 1995-96-cı il mövsümündən etibarən bütün dünyada olduğu kimi, Azərbaycan çempionatında da qalibə 2 yox, 3 xal verilməyə başladı. Bundan başqa, federasiya ilk dəfə “altılıq” sistemini tətbiq etdi. 12 komanda öncə dairəvi sistem üzrə mübarizə aparırdı. İlk mərhələdən sonra ilk 6 yeri tutan komanda qızıl xallar saxlanılmaq şərti ilə 1-6-cı yerlər uğrunda mübarizəni davam etdirdi. İlk mərhələdə 4-cü pilləni tutan Ağdam klubu “altılıq”da zəif təsir bağışladı və mövsümü 5-ci pillədə bitirdi. Üstəlik, komanda ilk dəfə mövsümü top fərqində mənfi rəqəmlə başa vurdu (25-26).
Kubokda isə nəticə nisbətən yaxşı oldu. Mübarizəyə 1/16 finalda AZAL-la başlayan Ağdam klubu mərhələni problemsiz keçdi (2:0, 2:0). Ağasəlim Mircavadovun komandası 1/8 finalda “Fərid”i mübarizədən kənarlaşdırdı (2:0, 1:0). 1/4 finalda üz-üzə gəldikləri “Sumqayıt” da ağdamlılara ciddi müqavimət göstərə bilmədi (3:1, 0:0). İlk üç mərhələdə I Divizion komandaları ilə üz-üzə gələn “Qarabağ”, yarımfinalda güclü “Xəzri” səddini keçməli idi. Buzovnadakı ilk oyundan “Xəzri” 1:0 qalib ayrıldı. Sumqayıtdakı cavab oyunu isə çox gərgin və dramatik keçdi. İlk hissə 0:0 başa çatsa da, fasilədən sonra 3 cavabsız qol vuran “Qarabağ” finala vəsiqə qazandı. Yeri gəlmişkən, cavab oyununun hakimi Xaqani Məmmədov idi. Onun 77-ci dəqiqədə Tərlah Əhmədova qarşı kobudluqdan sonra “Xəzri”nin qapısına təyin etdiyi penalti böyük qalmaqal yaratmışdı. Məhz bu penaltiyə görə oyundan sonra Buzovna təmsilçisinin futbolçuları və rəsmiləri Məmmədova fiziki təzyiq göstərmiş, bəziləri polis bölməsinə aparılmışdı.
Beləliklə, finala vəsiqə qazanan “Qarabağ” mayın 15-də həlledici oyunda “Neftçi” ilə üz-üzə gəldi və rəqibinə heç bir müqavimət göstərə bilməyərək 0:3 hesabı ilə məğlub oldu. Bununla da kubokdan avrokuboklara getmək şansı boşa çıxdı.
Avropaya yollanmaq üçün isə şans qalırdı. Çünki “altılıq” mərhələsi iyunun 12-ə kimi davam edəcəkdi və qarşıda 4 tur var idi. Yəni bu 4 turdan maksimum nəticə qazanıb nəyəsə ümid etmək olardı. Amma Ağdam klubu bu oyunların heç birində qələbə qazana bilmədi (“Kür Nur” 1:1, “Turan” 0:1, “Neftçi” 2:2, “Kəpəz” 1:1) və mövsümü 5-ci pillədə bitirdi. Lakin kubokun finalında ağdamlıları məğlub edərək ağladan “Neftçi”, ölkə çempionatında qızıl medallara sahib çıxmaqla bu dəfə onları güldürdü. Çünki “qızıl dubl”a imza atan bakılılar çempion kimi UEFA kubokuna (o vaxt futbolumuzun reytinqi aşağı olduğu üçün çempionumuz Çempionlar Liqasında yox, UEFA kubokunda mübarizə aparırdı) yollandı. “Qarabağ” isə kubokun finalçısı kimi Kuboklar Kubokunda iştirak şansı qazandı. Bu, həm də “Qarabağ”ın avrokuboklardakı debütü idi.
Mircavadov getdi, Abbasov gəldi
Komanda avrokuboklara vəsiqə qazansa da, ümumi nəticədən narazı qalan rəhbərlik mövsüm başa çatan kimi baş məşqi Ağasəlim Mircavadovla yolları ayırdı. Onu Elbrus Abbasov əvəzlədi. O, komandaya yad sima deyildi, əslən ağdamlı idi və klubun yaradıcılarından sayılırdı. Yeni baş məşqçinin ilk transferi də “Neftçi”dən Mais Əzimov oldu. Kuboklar Kubokundakı püşk isə Finlandiyanın “Mü-Pa 47” klubunu “Qarabağ”a rəqib etdi.
Təbriz Həsənovun söndürdüyü...
İlk oyun 1996-cı il avqustun 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. İndi hansısa fin klubu “Qarabağ”a rəqib olsa hamımız bunu sevinclə qarşılayıb Ağdam təmsilçisinin mərhələni gözüyumulu keçəcəyini söyləyərik. O vaxt isə hər şey fərqli idi. Avropada yeni-yeni ilk addımlarımızı atır və səviyyə baxımından avropalılardan çox geri qalırdıq. Həmin dövr klublarımıza Antalya belə xəyal kimi görünür və avrokuboklara hazırlıqlar ən yaxşı halda Qaxda 1 həftəlik toplanışla yadda qalırdı. Bu mənada istənilən rəqib bizim üçün ciddi sayılırdı.
Komandamız ilk oyuna bu heyətlə çıxmışdı:
Cəmaləddin Əliyev, Mais Əzimov (Elmir Xankişiyev, 65), Elşad Əhmədov, Aslan Kərimov (Yaşar Hüseynov, 83), Təbriz Həsənov, Bəxtiyar Musayev (Emin Salmanov, 46), Səttar Əliyev, Mirbağır İsayev, Tərlan Əhmədov, Müşviq Hüseynov, Nazim Əliyev.
AZTV-nin də canlı yayımladığı və 10 min azarkeşin izlədiyi matç gözlənildiyi kimi çətin keçdi. Komandamız çox cəhd göstərsə də, rəqib müdafiəsini yara bilmədi. Ələ düşən azsaylı imkanlar da boşa verildi. Düzdür, rəqib də böyük üstünlüyə malik deyildi. Ancaq əsas olan o idi ki, qapılarını toxunulmaz saxlamağı bacardılar. Sona yaxın ağdamlılar daha böyük qüvvə ilə irəli atılıb hesabı açmağa çalışsa da, əksinə, öz qapılarında qol gördülər. 85-ci dəqiqədə Təbriz Həsənov lüzumsuz yerə əllə oynadı və görüşün yunanıstanlı baş hakimi Georgius Fasolis qapımıza penalti təyin etdi. Topa yaxınlaşan Sami Mahlio isə Cəmaləddin Əliyevə heç bir şans vermədi və beləliklə, finlər Bakıdan 1:0-lıq qələbə ilə ayrıldılar.
... Bəxtiyar Musayevin yandırdığı ümid
İlk matçdakı 0:1-lik məğlubiyyətdən sonra çoxları “Qarabağ”ı hesabdan sildi. Reallıqla yanaşsaq, həqiqətən də o dövr üçün hansısa klubumuzun səfərdən qələbə ilə dönəcəyi nağıl kimi bir şey idi. Maraq üçün qeyd edək ki, “Qarabağ”dan əvvəl UEFA kubokunda mübarizəyə qoşulan “Neftçi” ilk oyunda Bakıda Bolqarıstan “Lokomotiv”inə 2:1 qalib gəldiyi halda, səfərdə 0:6 uduzmuşdu. “Xəzri” isə elə ilk oyunda səfərdə Polşa”Qutnik”i önündə biabır olmuşdu – 0:9. Bu mənada “Qarabağ”ın da Finlandiyada nəsə edəcəyi ağlabatan deyildi. Lakin Ağdam təmsilçisi bütün bu mülahizələri alt-üst etdi. Komandamız səfərdə əsl qəhrəmanlıq nümayiş etdirdi və əsas vaxtda rəqibinə 1:0 qalib gələrək ümumi hesabı bərabərləşdirdi. Yeganə qolu isə 27-ci dəqiqədə Bəxtiyar Musayev vurmuşdu. Komandamız bu hesabı 120-ci dəqiqəyə kimi saxlamağı bacardı. Yalnız 20 saniyə dözüb oyunu penaltilərə daşımaq lazım idi ki... Alınmadı. Təəssüf ki, 120-ci dəqiqədə finlər bərabərlik qolunu vura bildi. Oyuna sonradan daxil olan Mauri Keskitalo cinahdan gələn asmanı başla qapıdan keçirdi və “Qarabağ”ın mərhələ keçmək ümidlərinin üstündən xətt çəkdi. Bununla belə, həmin oyundakı 1:1-lik nəticə klublarımızın avrokuboklarda səfərdə qazandığı ilk xal kimi tarixə düşdü.
“İlk oyunda nəticə gözlənilməz oldu”
Tarixi oyunun qəhrəmanı isə heç şübhəsiz ki, səfərdə vurulan qolun müəllifi Bəxtiyar Musayevdir. Odur ki, 21 il sonra məhz onunla da söhbətləşib təəssüratlarını öyrənməyimiz yerinə düşərdi. Həmsöhbətimiz öncə püşkdən və ilk oyundan danışdı: “Həmin vaxt mən özüm də “Qarabağ”a yeni gəlmişdim. Baş məşqçimiz Elbrus Abbasov idi. Komanda ilk dəfə idi avrokuboklarda oynayacaqdı. Mənim isə belə təcrübəm var idi. 1 il öncə “Neftçi”nin heyətində Kuboklar Kubokunda APOEL-ə qarşı oynamışdım. Püşkü dəyərləndirmək düzgün olmazdı. Çünki o vaxt futbolumuzun durumu fərqli idi, yeni-yeni Avropaya çıxırdıq. Bu mənada istənilən rəqib bizim üçün güclü sayılırdı. “Mü Pa 47” ilə ilk oyunumuz Bakıda idi. O vaxt təbii ki, indiki kimi şərait yox idi, ölkə xaricində toplanış keçmək ağlımızdan belə keçmirdi. Bütün hazırlıqları elə ölkə daxilində keçirdik. Bununla belə, sağ olsun o vaxtkı “Qarabağ” rəhbərliyi bacardığı qədər bütün şəraiti yaratmışdı ki, oyuna yaxşı hazırlaşaq. İlk oyunda Bakıda minimal hesabla məğlub olduq. Təbriz Həsənov gərəksiz yerə topa əllə toxunub penalti eləmişdi. Oyundan sonra da çox dilxor idi. Amma onu bilirəm ki, məğlubiyyət bizim üçün gözlənilməz oldu. Çünki o qədər də pis oynamamışdıq və qələbə qazanmaq üçün imkanlarımız da olmuşdu. Amma istifadə edə bilməmişdik”.
“İlk dəfə projektor altında oynayırdıq”
Musayev Bakıdakı 0:1-lik məğlubiyyətdən sonra komandanıln cavab oyununa hazırlığını və səfərdəki 1:1-lik tarixi oyunu isə bu cür xatırladı: “İlk oyundakı məğlubiyyətdən sonra rəhbərlik bizə çox dəstək oldu. O vaxt komandanın sponsoru “NNN Bank” idi. Prezidentimiz də Nazim Abdullayev. Rəhbərlik də başa düşürdü ki, ilk dəfə idi komanda avrokuboklara çıxırdı, beynəlxalq oyun təcrübəsi yox idi. Buna görə ilk oyundakı məğlubiyyətə görə bizi başa düşdülər və dəstəklədilər. Biz də komanda olaraq başa düşürdük ki, bu dəstəyin qarşılığını vermək lazımdır. Mərhələ keçməyə ümid var idimi? Ümid həmişə var. Biz Finlandiya yaxşı nəticə dalınca getmişdik. Düzü, yadımda qalmayıb çarterlə getmişdik, ya yox, amma onu bilirəm ki, səfərin yaxşı keçməsi üçün rəhbərlik əlindən gələni eləmişdi. Komanda yaxşı otellərin birində yerləşdirilmişdi. Oyun günü ab-hava da fərqli idi. İlk dəfəidi projektor işığında oyuna çıxırdıq. Çünki o vaxtlar milli çempionat oyunları ancaq gündüz oynanılırdı. Yalnız millinin bəzi oyunları projektor işığı altında keçirilirdi. “Myu Pa 47”-nin stadionu o qədər böyük olmayan, yığcam biri idi. Amma gözəl stadion idi, ot örtüyü də əla idi. Oyun günü tribunalar dolmuşdu. Düzdür, deməzdim ki, dolu tribunalar bizim üçün yeniliik idi. Çünki o vaxt milli çempionatın mərkəzi oyunlarına da 7-8 min azarkeş gəlirdi. Amma ümumi ab-hava fərqli idi”.
“Gözləmirdim ki, qapıçı o cür kobud səhv edər”
Həmsöhbətimiz 27-ci dəqiqədə vurduğu qol və ümumi olaraq oyunla bağlı fikirlərini də soruşduq. Çünki o vaxt klublarımızın səfər oyunları canlı yayımlanmıdı. Heç oyunların videogörüntülərini də göstərmirdilər: “Qol epizodunda Mais Əzimov cinahdan cərimə meydançasına hava ötürməsi verdi. Konkret olaraq mənə ünvanlanan ötürmə deyildi. Amma mövqeyimə uyğun olaraq cərimə meydançasına daxil olmuşdum. Çünki hücumçuların arxasında oynayan futbolçu bu cür epizodlara hazır olmalıdır. Ötürmə zamanı topa qapıçı çıxdı və onu dəf edərkən səhvə yol verdi. Gözləmirdim ki, qapıçı o cür kobud səhv edər. Buna baxmayaraq özümü itirmədim və önümə düşən topu gövdəmlə saxlayıb qapıdan keçirdim. 90 dəqiqəni 1:0 üstün başa vurduq və oyun əlavə vaxtda getdi. Əlavə vaxtın son saniyəsinə kimi bu üstünlüyü saxladıq. 120-ci dəqiqədə qapımızdan top buraxdıq. Amma deyim ki, hakim əlavə vaxtda bir qədər də əlavə etmişdi. Bunu da normal qarşılayıram çünki hakimlər meydança sahiblərinə həmişə simpatiya bəsləyir. Qolu isə cinahdan gələn hava ötürməsindən sonra buraxdıq. Oyundankənar vəziyyətlə bağlı məqama gəlincə, sizinlə danışa-danışa o epizod gözümün önünə gəlir. Sonradan da bu haqda söhbətlər oldu. 100 faiz demək olmaz ki, ofsayd var idi, ya yox. Amma çox üzücü qol oldu. Onu da sizə deyim ki, matçdan sonra finlandiyalı futbolçular gəlib bizi qucaqlayıb təskinlik verdilər”.
“Alim Qasımov dedi ki, sən mənimlə yox, mən səninlə şəkil çəkdirməliyəm”
Musayevlə söhbət zamanı maraqlı bir faktın da üstünü açmış olduq. Sən demə, həmin oyunu izləmək üçün məşhur muğam ustadımız Alim Qasımov da Bakıdan Finlandiyaya getmiş imiş. Həmsöhbətimiz Qasımovla bağlı maraqlı bir məqamı da bizim diqqətimizə çatdırdı: “Alim Qasımov həm böyük sənətkar, həm də çox gözəl insandır. Bunu Finlandiyada öz gözümlə görüb əmin oldum. Oyundan öncə Alim müəllim də bizə böyük dəstək oldu. Hətta bir zümzümə də elədi. Oyundan sonra otelə qayıdanda gördüm ki, həyətdə dayanıb. Yaxınlaşdım ki, olar sizinlə şəkil çəkdirim? Özü gəlib məni qucaqladı və dedi ki, sən mənimlə yox, mən səninlə şəkil çəkdirməliyəm. Çünki sən Azərbaycanın bayrağını qaldırırsan. İnsandakı sadəliyə baxın da. Belə baxanda, mənim o vaxt 22-23 yaşım var idi. Amma Alim Qasımov o boyda sənətkardı”.
“Tarixə düşdüyümü xatırlamıram”
Musayevə vurduğu qolun tarixə düşdüyünü də xatırlatdıq. Çünki məhz həmin qolun sayəsində avrokuboklarda ilk səfər xalımızı qazanmışıq: “Düzü, tarixə düşdüyümü xatırlamıram. Futbol oynadığımız vaxt belə şeylərə o qədər də əhəmiyyət vermirdik. Həmişə düşünürdük ki,meydançaya çıxıb azarkeşlərimizə sevinc bəxş edək. Təbii ki, bu cür oyunda qol vurduğum üçün də qürur duyuram. Təəssüf ki, həmin oyunda mərhələni keçə bilmədik”.
“Liverpul”u əldən buraxdıq”
Sən demə “Mü Pa 47”-ni keçəcəyimiz halda İngiltərə nəhəngi “Liverpul”u Bakıya gətirəcəkdik: “Səfərdə 1:1 oynasaq da, buna görə mükafat almadıq. Heç bunu tələb etməyə haqqımız da yox idi, çünki mərhələni keçə bilməmişdik. Amma keçsəydik, yaxşı mükafat alacaqdıq. Çünki növbəti mərhələdə “Liverpul”la üz-üzə gələ bilərdik. Təəssüf ki, bu şansı əlimizdən buraxdıq”.
Sonda Finlandiyadakı oyunun protokolunu da sizin diqqətinizə çatdırırıq:
“Mü Pa 47” (Ancalankoski, Finlandiya): Petri Yakonen, Yukka Koskinen, Toni Huttunen, Mika Vilyanen, Devid Mur, Yarkko Koskinen, Yuuso Kanqaskorpi (Mauri Keskitalo, 73), Sami Mahilo, Antti Pohja (Yasse Yalonen, 90), Mika Hernesniemi (Con Allen, 22), Tom Emberq.
“Qarabağ” (Ağdam, Azərbaycan): Cəmaləddin Əliyev, Mais Əzimov (Emin Salmanov, 118), Elşad Əhmədov, Aslan Kərimov, Təbriz Həsənov, Bəxtiyar Musayev, Elmir Xankişiyev, Mirbağır İsayev, Tərlan Əhmədov, Müşviq Hüseynov, Səttar Əliyev.
Qollar: B.Musayev, 27 (0:1), M.Keskitalo, 120 (1:1)
Vərəqələr: B.Musayev, M.Hüseynov, M.Əzimov, M.İsayev, E.Salmanov – sarı.
Hakim: T.Heyq (Norveç)
Ancalankoski şəhər stadionu. 23 avqust. 3000 tamaşaçı
Maraq üçün onu da qeyd edək ki, “Mü Pa 47” növbəti mərhələdə “Liverpul”a hər iki oyunda uduzaraq mübarizəni dayandırmışdı (0:1, 1:3).