
“Fiziki yorğunluğa görə zəif çıxış etdik” - “Şəki”nin baş məşqçisi
- 26 Apr 2025 18:40
- 42
“Şəki”nin oyunçuları fiziki yorğunluqdan dolayı Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin ilk görüşündə “Sabah”a qarşı matçda zəif çıxış edib.
Rekord.az xəbər verir ki, bunu bölgə təmsilçisinin baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qələbə üçün güclərinin yetmədiyini söyləyib:
“Bugünkü mübarizəyə görə komandama təşəkkür, “Sabah”ı isə təbrik edirəm. Rəqibin avrokuboklar üçün qurulmuş heyəti var. Əslində oyuna yaxşı başlaya, planladığımız kimi müdafiə oluna bilmədik. Fiziki yorğunluqdan dolayı bir az zəif çıxış etdik. Amma ikinci hissədə oyunu bir az bərabərləşdirməyə çalışdıq. Sadəcə, qələbə üçün gücümüz yetmədi. A qrupunun MVP-si seçilmiş Hassani Qravet az xal topladı. Çünki ona qarşı necə oynamalı olduğumuzu bilirdik. Ancaq onu dayandırmağımıza baxmayaraq, digər oyunçu Ceyms İds 24 xal qazandı”.
O, cavab matçında azarkeşlərə sürpriz söz verib:
“Azarkeşlərə Şəkidəki cavab matçında sürpriz edəcəyimizi söz verə bilərik. Çünki bu mövsüm öz meydanımızda cəmi 1 məğlubiyyət almışıq. Vacib matçların hamısında qalib gəlmişik. Əminəm ki, yenə Şəkidə qələbə qazanacağıq”.
“Sabah” - “Şəki” ilk yarımfinal matçı Bakı klubunun 86:73 hesablı qələbəsi ilə yekunlaşıb.