Rekord.az xəbər verir ki, apasport.az saytının "Xatirə dəftəri" rubrikasının budəfəki qonağı "Neftçi"nin qızıl dönəmində aparıcı futbolçusu olmuş və kapitanlığını etmiş Flavinyodur. Tam adı Flavio Aleks Valensio olan braziliyalı yarımmüdafiəçi 2010-2015-ci illərdə "flaqman"ın formasını geyinib, 5 titul qazanıb, komandanın Avropa Liqasının qrup mərhələsinə vəsiqəsində müstəsna rol oynayıb. 2016-cı ildə karyerasını başa vuran 37 yaşlı Flavinyo Azərbaycanla bağlı xatirələrini bölüşüb...

 

 

"Azərbaycan yaşamaq üçün ən yaxşı yer idi"

 

- Azərbaycanda keçirdiyiniz illəri necə xatırlayırsınız?

- Azərbaycan yaşamaq və futbol oynamaq üçün ən yaxşı yer idi. Orada hər şeyim var idi. Buna görə ölkəyə və "Neftçi"yə minnətdaram.

 

- Ən çox nədən və kimdən ötrü darıxırsınız?

- Orada keçirdiyim illərdən ötrü çox darıxıram. Kifayət qədər azərbaycanlı və xarici dostlarım var. Onların hamısından ötrü darıxıram.

 

- Avropada formasını geyindiyiniz yeganə komanda "Neftçi" oldu. Bura gəlməmişdən əvvəl ölkəmiz barədə məlumatınız var idi?

- Təklif gələndə internet vasitəsilə Azərbaycan barədə məlumat axtardım. İlk dəfə gedəndə çox bəyənmişdim. Heç bir uyğunlaşma problemi yaşamadım.

 

 

"Hər gün gəzməyə çıxmaq istəyirdim"

 

- "Neftçi"də keçirdiyiniz 5 ildə 3 dəfə çempion oldunuz, 2 dəfə ölkə kubokunu qazandınız. Amma bu komanda artıq neçə ildir çempion ola bilmir. Bunun səbəbini nədə görürsünüz?

- Bizim o vaxt əla komandamız, möhkəm kollektivimiz var idi. "Neftçi"də çalışan hər kəs bizə kömək edirdi. Bütün işçilər komandanın uğuru üçün çox çalışırdılar. Hazırkı duruma şərh verməyim doğru olmaz. Amma bizim uğurumuzun sirri bundadır.

 

- "Neftçi" azarkeşləri hələ də sizi unutmurlar. Özünüzü bu qədər sevdirməyi necə bacardınız?

- Mənə Azərbaycanda çox yaxşı davranıldı. Bu çox xoşuma gəlirdi. Küçədə gəzməyə çıxırdım, "Neftçi" azarkeşləri məni görüb dəstək nümayiş etdirirdilər. Buna görə hər gün gəzməyə çıxmaq istəyirdim. Onların bu münasibəti oyunlara daha yüksək motivasiya ilə çıxmağıma kömək olurdu.

 

- Azərbaycanlılarla braziliyalıların bir-birilərinə bənzədikləri deyilir. Hansı xüsusiyyətlər oxşardır?

- Mədəniyyətlər tam fərqli olsa da, Azərbaycan xalqı da çox istiqanlıdır. Azərbaycanlı dostun varsa, o sizi daim müdafiə edir və köməklik göstərir. Ölkənizdə yaşadığım 5 il ərzində özümü Braziliyadakı kimi hiss etdim.

 

 

"Böyükağa müəllim həmişə bizim üzümüzü güldürürdü"

 

- Sizin dönəmin futbolçuları o vaxtkı prezident Sadıq Sadıqovdan razılıqla danışırlar. Onu xüsusi edən nə idi?

- Sadıq Sadıqov əla prezident idi, həmişə bütün oyunçulara qayğı göstərirdi. Futbolçular düzgün qidalanır, yaxşı yaşayırdılar. Bu da bizi meydanda daha güclü edirdi. Sadıq müəllim ağıllı insandır, futbolçulara sərfəli müqavilələr təklif edirdi.

 

- Arif Əsədov, Böyükağa Hacıyev, Tərlan Əhmədov və Nazim Süleymanovun rəhbərliyi altında oynadınız. Hansı daha çox yadınızda qalıb?

- Hamısının mənə köməyi dəydi. "Neftçi"yə getdiyim zaman baş məşqçi Arif Əsədov idi. Onun dəstəyini qeyd etməliyəm. İlk vaxtlar olsa da, özümə inam aşıladı. Böyakağa Hacıyev isə əla insan idi.

 

- Rəhmətlik Böyükağa Hacıyev şən insan kimi tanınırdı. Futbolçularla necə ünsiyyət qururdu?

- Böyükağa müəllim həmişə bizim üzümüzü güldürürdü. Onunla işləmək əyləncəli idi. Ancaq eyni zamanda çox cəsur məşqçi idi. 

 

 

"O, Azərbaycanda gördüyüm ən güclü məşqçi idi"

 

- Azərbaycanda gördüyünüz ən güclü məşqçi kimdir?

- Mənə görə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ən güclü məşqçi idi.

 

- Bəs ən yaxşı futbolçu?

- Yaxşı oyunçular çox idi. Məsələn, Rodriginyo, Rəşad Sadıqov, Julius Vobay və Riçard Almeydanın adını qeyd edə bilərəm.

 

- Hansı futbolçudan daha çox çəkinirdiniz?

- Bir futbolçu var idi, adını xatırlamıram. Ona qarşı iki aldadıcı hərəkətdən sonra mənə ağır zərbə yetirmişdi. Hətta bir dəfə zərbə ilə ayağımı da sındırmışdı. Həmin oyunçu ilə üz-üzə gəlməkdən qorxurdum.

 

- Sizin üçün ən çətin müdafiəçi kim idi?

- "Qarabağ"ın kapitanı Rəşad Sadıqov. Onu keçmək həmişə çox çətin olurdu.

 

- "Neftçi"də ən unudulmaz oyununuz hansıdır?

- APOEL-ə qarşı Kiprdəki oyun fantastik idi. Oradakı qələbə sayəsində Avropa Liqasının qrup mərhələsinə adladıq.

 

 

"Azərbaycan yığmasının heyətində oynamaq təklifi almışdım"

 

- Azərbaycanda 5 il yaşadınız. Yerli vətəndaşlığı qəbul etmək və millidə oynamaq təklifi almadınız?

- Bəli, belə imkan yaranmışdı. Seçmə mərhələdə Azərbaycan yığmasının heyətində oynamaq təklifi almışdım. Amma düşündüm ki, indi vaxtı deyil.

 

- Bir gün "Neftçi"yə hansı vəzifə üçün dönmək istərdiniz?

- "Neftçi"nin buradan oyunçular aparmaq üzrə xüsusi meneceri kimi çalışmaq istərdim. Braziliyada gizlənmiş çox yaxşı oyunçlar var.

 

- Azərbaycanla bağlı unuda bilmədiyiniz bir xatirəniz var?

- Braziliyada olanda atam həmişə manqalda qoyun əti bişirib, mənə də təklif edirdi. Amma hər dəfə qoyun ətini sevmədiyimi deyirdim. "Neftçi"dəki ilk ilimdə bir oyunda qələbə qazandıq və Sadıq müəllim bizə ziyafət verdi. Manqalda kabab bişirdi və bizimlə birlikdə masada oturdu. Qablarımızı quzu əti ilə doldurdu. Prezidentə xoş gəlmək üçün onun hamısını yedim. Halbuki həyatım boyu o qədər qoyun əti yeməmişdim. Azərbaycanda keçirdiyim 5 il ərzində qoyun ətini sevməyi öyrəndim.