Formula 1: Ferstappen sərbəst yürüşdə birinci oldu
- 28 Apr 2023 18:15
- 398
Formula 1 üzrə Azərbaycan qran-prisində bu gün sərbəst yürüş baş tutub.
Rekord.az xəbər verir ki, bir saat davam edən mübarizədə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib.
“Alpin” komandasının pilotu Pyer Qasli sərbəst yürüşlər zamanı uğursuzluqla üzləşib. Belə ki, 27 yaşlı fransalı sürücünün bolidi yanıb. Nəticədə qırmızı bayraq qaldırılıb. Daha sonra yanğınsöndürənlər onun avtomobilini söndürüblər.
“Haas” komandasının sürücüsü Kevin Maqnussen də sonadək yarışa bilməyib. Buna onun bolidinin yanacaq sistemində təzyiqin artması səbəb olub.
Bu gün, həmçinin, əsas pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış isə aprelin 30-da təşkil olunacaq.
Xatırladaq ki, Azərbaycan qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 132 xalla liderdir. Onun meksikalı komanda yoldaşı Serxio Peres 116 xalla ikinci, "Aston Martin"in ispaniyalı sürücüsü Fernando Alonso 85 xalla üçüncü pillədə qərarlaşıb.
Konstruktorların mübarizəsində isə "Red Bull" 123 xalla birinci, "Aston Martin" 65 xalla ikinci, "Mercedes" 56 xalla üçüncü yerdə qərarlaşıb.