Hollandiyadan sonra Fransada da koronavirus pandemiyasına görə futbol liqalarının vaxtından əvvəl başa çatdırılması qərara alınıb.

Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, bunu Fransanın baş naziri Eduard Filipp parlamentdəki bugünkü çıxışı zamanı deyib.

O, Liqa 1 və Liqa 2-də 2019/20 mövsümünü bitirməyin mümkün olmadığını bildirib. Nazir ümumiyyətlə ölkədəki bütün idman yarışlarının ən azı avqusta qədər ləğv olunduğunu açıqlayıb.

Fransanın avrokubok təmsilçilərinin hansı komandalar olacağına isə hələ tam qərar verilməyib. Federasiya və Fransa Peşəkar Futbol Liqasının tezliklə bununla bağlı rəsmi açıqlama verməsi gözlənilir. 2020/21 mövsümünün isə avqustda başlaması ehtimal olunur.

Qeyd edək ki, Liqa 1 “böyük beşlik” çempionatları içində ləğv olunan ilk yarışdı. Koronavirus pandemiyasına görə martın 13-də, 28-ci turda dayandırılan Fransa çempionatında PSJ 68 xalla lider, "Marsel" 56 xalla 2-ci, "Renn" 50 xalla 3-cü, "Lill" 49 xalla 4-cüdü.