Fransa Futbol Federasiyası İntizam Komitəsi Liqa 1-in 3-cü turunda keçirilən qalmaqallı "Nitsa" - "Marsel" matçı ilə bağlı cəzaları açıqlayıb.

Rekord.az xəbər verir ki, azarkeşləri meydana girərək rəqib futbolçularına hücum edən "Nitsa"nın aktivindən 2 xal silinib.

Bundan başqa, komanda qarşıdakı 3 ev oyununu neytral meydanda keçirəcək. Yarımçıq qalan matç daha sonra açıqlanacaq tarixdə neytral stadionda yenidən oynanılacaq. Qarşılaşmaya azarkeş buraxılmayacaq.

Dava zamanı fanatlara su şüşəsi atan qonaq komandanın yarımmüdafiəçisi Dmitri Payet 1, münaqişədə iştirak edən komanda yoldaşı Alvaro Qonsalesə 2 oyunluq cəza verilib. Rəqib azarkeşlərinə fiziki təzyiq göstərən "Marsel"in fizioterapevti Pablo Fernandes isə mövsümün sonunadək ölkə çempionatı ilə bağlı heç bir tədbirə qatıla bilməyəcək.

Xatırladaq ki, "Nitsa" - "Marsel" matçı zamanı yerli azarkeşlər qonaqların yarımmüdafiəçisi Dimitri Payetə butulka atıb. Payet butulkanı tribunaya geri atıb. Bundan qəzəblənən yerli azarkeşlər meydançaya giriblər. Nəticədə oyunçularla azarkeşlər arasında kütləvi dava baş verib. Davada "Marsel"in baş məşqçisi Xorxe Sampaoli də iştirak edib. Görüşün baş hakimi oyunu yarımçıq dayandırıb.