Fritz Ştuxlikin bizə dediyi
- 24 May 2021 10:11
- 1482
Azərbaycan futbolunda yeni dövr başlayıb. Bu dövrün adı məsuliyyətsizlik, məntiqsizlik dövrüdü. Futbolun “f”sindən belə bixəbər olan adamlar illərdi ki, AFFA-da yüksək vəzifələr tutur, neft milyonlarından futbolun inkişafı adı altında ayrılan paraları yeyib-dağıtmaqla məşğuldular. Şirəyə özləriylə birlikdə daraşdırdıqları da onlar kimi davranır, hər kəs bacardıqca daha artıq qamarlamağa, ciblərini, şəxsi büdcəsini doldurmağa çalışır.
Sözsüz ki, bu işlə təkcə yerli kadrlar məşğul olmurlar. Çoxbilişmilər öz əməllərini pərdələmək üçün xaricdən mütəxəssislər də dəvət ediblər, milyonlardan onlara da paylar ayırılar. Həmin gəlmələrin də missiyası ondan ibarətdi ki, Azərbaycan futbolunda gedən proseslərin kənardan bərli-bəzəkli görünməsinə, inkişaf imitasiyasının yaradılmasına yardımçı olsunlar. Almaniyalı mütəxəssis Berti Foqtsla başlayan prosesi xorvatiyalı Robert Prosineçki və Nikola Yurçeviçlə davam etdi. Hazırda bu “müqəddəs missiya”nı italyan Canni De Byazi öz üzərinə götürüb. Əvvəllər deyirdilər ki, Canni De Byazi bura gələn kimi bizim futbolçuların səviyyəsi sürətlə yüksəlməyə başlayacaq. Ondan sonra da İtaliya klublarının diqqəti Azərbaycan futboluna yönələcək, “Yuventus” “Roma”, “Milan”la “İnter” bizimkiləri öz sıralarına qatmaq üçün növbəyə düzüləcəklər. Biz xəyal etdik, Eldor Şomurodov İtaliyanın A seriyasında mübarizə aparan “Cenoa”ya transfer olundu. Canni De Byazi də bizim üçün yeni yalan uydurdu ki, azərbaycanlı futbolçuların İtaliya klublarına transfer olunmasına onların Avropa Birliyinə üzv ölkələrin pasportunu daşımaması imkan vermir. Yoxsa “Sumqayıt” bütün futbolçuları İtaliya klublarının maraq dairəsində imiş. Adam deyərlər, özbək Eldorun pasportu hansı Avropa Birliyi ölkəsinindi?
Bir məşhur lətifədə deyilir ki, şah özünə fil alır. Həmin fil də kasıb-kusubun bağ-bostanını dağıdır, meyvə-tərəvəzi tapdalayır. Kənd camaatı Molla Nəsrəddini ağsaqqal seçib, şahın qəbulun yollanır ki, fildən şikayət etsinlər. Molla şahın sarayına çatanda görür ki, arxasınca heç kim gəlmir, camaat onu qoyub qaçıb. Şahın qəbuluna girən Molla Nəsrədin deyir ki, “şah sağ olsun, filiniz təkdi, çox darıxır. Ona yoldaşlıq eləmək üçün bir fil də tapın gətirin, qoy bizim bağlarda qoşa addımlasınlar”.
Hal-hazırda AFFA-nın əcnəbilərlə bağlı yürütdüyü siyasət eynilə Molla Nəsrəddinin dediyi kimidi. Əvvəllər milli komandalara baş məşqçini xaricdən gətirirdilər. Artıq həmin əcnəbilər darıxmasın deyə Hakimlər və Hakim-İnspektorlar Komitəsinə də xaricdən rəhbər gətiriblər. Sağ olsun avstriyalı sədr Frits Ştuxlik də nə millinin əcnəbi məşqçilərini darıxmağa qoyur, nə də bizi. Elə qəribə qərarlar verir ki, əcnəbi çalışdırıcılar onun yanında toya getməli olurlar. Ötən yazımda “Sabah” – “Neftçi” qarşılaşmasının “qəhrəmanı” Vüqar Həsənliyə verilən mükafatdan yazmışdım. Bizim hamımızın acığına Ştuxlik Elçin Məsiyevi də mükafatlandırıb. Azərbaycan Premyer Liqasının qızıla bərabər oyunun və “Neftçi”nin uzun illərdən sonra qazandığı qızıl medalların üzərinə qapqara kölgə salan Elçin Məsiyev ölkə kubokunun finalında da 4-cü hakim olacaq.
Adamın mübahisəli qərarlarının müzakirəsi hələ bitməyib. Amma Ştuxlik özünü elə aparır ki, Azərbaycanda Elçin Məsiyevdən dəyərli, bacarıqlı hakim yoxdu. Onsuz bizim heç bir əhəmiyyətli oyunumuz keçməz. Avstriyalı kişinin oğlu deyir ki, “alın ha, yana-yana qalın ha, mən öz bildiyimi edəcəm!”