Futbol 4 günlük müharibəyə necə səbəb olub?
- 18 Apr 2020 17:00
- 824
İdman sülh, sevgi, dostluqdu deyə məşhur bir deyimi tez-tez eşitsək də, bunun əslində belə olmadığını hamımız bilirik. Məhz idman səbəbindən hansı savaşların baş verdiyini, nə qədər insanın canının yandığını görməkdə davam edirik.
Bəs 1969-cu ildə Hondurasla El Salvador arasında yaşanan və 4 gün sürən müharibənin dünya tarixinə «Futbol savaşı» adıyla düşdüyünü bilirdinizmi? Gəlin bu iki ölkəni müharibəyə aparan o günlərə dönək...
Arellanonın rəhbərlik etdiyi Honduras üçün 1968-ci il olduqca çətin keçir. İqtisadi sıxıntılar, etirazlar, tətillər, fəhlə üsyanları ilə dolu bir il olur 1968. Honduras və El Salvador Mərkəzi Amerikanın iki qonşu ölkəsidi. Hondurasa özündən də çətin durumda olan El Salvadordan bir köç axını başlayır. Həmin vaxt Hondurasda qanuni miqrantlardan başqa 300 min qaçaq salvadorlu yaşayıb. Honduras El Salvadorla imzalanmış köç anlaşmasını yeniləməkdən imtina edir, hətta yeni bir qanunla salvadorluların torpaqları əlindən alınır. Bu zaman salvadorlular ölkələrinə dönməyə başlayır. Amma bu onsuzda həddən artıq çox olan vətəndaşlarını doyurmaqda çətinlik çəkən El Salvador üçün böyük bir fəlakət olur. Əhali sayı artır, işsizlik faizi daha da yüksəlir.
1970-ci ildə keçiriləcək Dünya çempionatına Mərkəzi Amerikadan qatılacaq komandaları müəyyənləşdirəcək seçmə mərhələ oyunları keçirilir. Və qorxulan hadisə baş verir. Seçmə mərhələdən sonra iki ölkə pley-offda üz-üzə gəlməli olacaq. Bu iki ölkə isə Honduras və El Salvadordu.
İlk matç Hondurasın paytaxtı Tequkiqaplada keçirilir və meydan sahibləri qələbə qazanır. Bu oyunda xoşagəlməz olaylar yaşanır, amma daha betəri hələ qabaqda idi. El Salvadordakı matçda isə olaylar əndazədən çıxır. El Salvadorun qələbə qazandığı matçla Honduras bayraqları yandırılır, himnlər səslənərkən ortalıq qarışır və matç izləməyə gələn yüzlərlə Honduras azarkeşi yaralanır.
Honduras mətbuatı onsuz da gərgin olan vəziyyəti matç günü salvadorluların yüzlərlə honduraslını öldürdüyü, təcavüz olaylarının yaşandığı, maşınların yandırıldığı kimi şişirdilmiş xəbərlər yayaraq bir az da gərginləşdirir. Nəticədə honduraslılar ölkələrindəki salvadorlulara hücum çəkir. Yüzlərlə salvadorlu matçdan sonrakı bir həftə ərzində öldürülür.
Meksikada tərəflər üçüncü dəfə üz-üzə gəlir və El Salvador Hondurası yenərək, Dünya çempionatına yollanır. Hondurasda məğlubiyyəti həzm edə bilməyənlər küçələrə çıxır və xəyal qırıqlığına uğramış xalq yenidən acığını salvadorlulardan çıxır.
Futbol matçı ilə yaranan böhran heç cür yatışmır. Və El Salvador təyyarələri Hondurası bombalamağa başlayır. Müharibə sadəcə dörd gün davam edir, amma iki ölkənin sülh müqaviləsi imzalamasını 10 il gözləmək lazım gəlir.
Müharibədə iki min insan ölür. 100 mindən artıq insan köç etmək məcburiyyətində qalır. İki ölkə 22 il boyunca Mərkəzi Amerikanın ortaq bazarından qovulur. Və bu savaşın hələ də bir qalibi yoxdu...