Futbol adamları seçkidə necə iştirak edib və kimə səs verib?
- 13 Fev 2020 11:00
- 926
Srağagün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirildi. Məhz bu səbəbdən PFL əvvəlcədən tərtib etdiyi təqvimdə dəyişiklik edərək, oyunların vaxtını bir gün əvvələ çəkdi ki, futbol ictimaiyyətinin nümayəndələri də seçkidə iştirak etsin, layiq bildikləri namizədlərə səs versinlər. Görəsən, futbol camiəsi bu imtiyazdan necə yararlandı, seçkidə iştirak etdilərmi? Bu suala cavab tapmaq üçün bəzi mütəxəssislərə, məşqçilərə və futbolçulara müraciət etdik.
Hüseyn Məhəmmədov (veteran futbolçu): “Bir çox vətəndaş kimi, mən də Milli Məclisə seçkidə iştirak etdim. 20 saylı Nərimanov 2-ci seçki dairəsində, 37 saylı məntəqədə səs verdim. Səs verdiyim namizəd isə Adil Əliyev oldu. Adil müəllim deputat olduğu dönəmdə həmişə idmançılara diqqət və qayğı göstərib. Şəhid ailələrinin, qazilərimizin də problemləri ilə maraqlanıb, onların hansısa çatışmazlığı olubsa, səlahiyyəti çərçivəsində həll etməyə çalışıb. Ümid edirəm ki, qarşıdakı 5 ildə də Adil müəllim seçicilərinin ümidlərini doğruldacaq və hamımızın parlamentdəki layiqli nümayəndəsi olacaq”.
Zaur Ramazanov (veteran futbolçu): “Namizədlər qeydiyyata alınmaq üçün imza toplayanda bir neçə nəfər evə gəlmişdi. Həmin vaxt Natiq Cəfərlinin lehinə sənədlərə imza atmışdım. Ancaq dünən seçkiyə getmədim. Niyə? Nə bilim, vallah. Açığı, özümü yaxşı hiss etmədiyimdən evdən bayıra çıxmağa həvəs olmadı. Əvvəllər bir dəfə seçkidə iştirak etmişəm. Nədənsə mən belə məsələlərdə yanılıram. Qatıldığım seçkidə səs verdiyim adam sonuncu olmuşdu. Bəlkə də buna görə həvəsim olmadı. İstəmədim bu dəfə Natiq axırıncı olsun” (gülür).
Samir Abasov (“Zirə”nin sabiq baş məşqçisi): “Bir neçə gün idi işlə bağlı Gürcüstandaydım. İki gündü Azərbaycana qayıtmışam. Düzünü desəm, dünən (srağagün) ölkədə Milli Məclisə seçki olduğundan xəbərim olmayıb. Bilsəydim, böyük məmnuniyyətlə iştirak edərdim. Bizim dairədən kimlərin namizəd olduğuna gəlincə, maraqlanmamışdım. Seçkiyə getsəydim, namizədlər haqda mütləq məlumat toplayardım. Kimə gəldi səs vermək mənlik deyil”.
Ruslan Abışov (“Sabah”ın futbolçusu): “Nəsimi rayonunun sakiniyəm. Ərazi üzrə məntəqəyə gedib layiq bildiyim namizədə səs verdim. Bu mənim vətəndaşlıq borcum idi. Kimə səs vermişəm? Ad açıqlamaq istəmirəm. Əsas odu ki, seçkidə iştirak etmişəm. Səs verdiyim namizədin seçilib-seçilmədiyini desəm, artıq kartları açmış olaram (gülür). Mən, ümumiyyətlə, imkan daxilində bütün seçkilərdə iştirak edirəm. Mənə bildiriş gəlibsə, gün ərzində 15 dəqiqə vaxt tapıb niyə də ora getməyim?”
Aslan Şahgəldiyev (PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): “16 saylı Yasamal 2-ci seçki dairəsində səs vermişəm. Məntəqənin nömrəsini və kimə səs verdiyimi açıqlamayacam. Onları da desəm, maraqlı olmaz. Ancaq onu deyə bilərəm ki, ailə üzvlərimizin hamısı səsvermədə iştirak edib. Həyat yoldaşım başqa ünvanda qeydiyyatdadı. Onu da bildiriş gəldiyi məntəqəyə apardım ki, seçkidə iştirak etsin, bülleteni istifadəsiz qalmasın”.
Əliyar Ağayev (FİFA hakimi): “Mən hazırda qeydiyyatda olduğum ünvanda yox, başqa yerdə yaşayıram. Bu səbəbdən seçkidə iştirak etmədim. Bəlkə də məşqim olmasaydı, qeydiyyatda olduğum ünvan üzrə məntəqəyə yollanıb səsvermədə iştirak edərdim”.
Zaur Hacı-Məhərəmov (millinin meneceri): “Hövsanda yaşadığımdan 30-cu seçki dairəsində səs vermişəm. Namizədlər arasında Mahmud adlı uşaqlıq dostum var idi. Bitərəf namizəd idi. Səsimi də ona verdim”.("Futbol plus" qəzeti)